Təbrizin maraqlı Kəndovan kəndi
Cari il İslam Dünyasının Turizm paytaxtının Təbriz şəhəri seçilməsi təsadüfi xarakter daşımır.
AZƏRTAC xəbər verir ki, qədim tarixə malik olan bu şəhərdə olduqca maraqlı abidələr və məkanlar var. Bunlardan biri də Kəndovan kəndidir. Kəndovan kəndi Təbriz yaxınlığındakı Səhənd dağının ətəyində yerləşir. Kəndovan fars dilindən tərcümədə arı pətəyi deməkdir. Qayalıqda yerləşən kəndə kənardan nəzər yetirdikdə onun arı pətəyinə bənzədiyi aydınlaşır. Bu kəndin digərlərindən fərqi ondadır ki, buradakı evlər qayaların içində yerləşir. Təbii olaraq yaranan oyuqlar sonradan ev kimi düzəldilib.
Fars mənbələrinin verdiyi məlumata görə, VII əsrdə monqolların İrana hücumu zamanı insanlar qaçıb Səhənd dağının ətəyində gizləniblər. Sonralar insanlar buranın təhlükəsiz olduğunu görərək daimi məskən salıblar. Hazırda kəndin 1000 nəfərdən artıq əhalisi var. Turistlər üçün maraqlı məkan olan Kəndovan kəndində 5 ulduzlu otel də inşa edilib. Otel də qayanın içindədir. Lakin müasir avadanlıqlarla təchiz edilib.
Daşların arasında tikilmiş evlər kəndə özünəməxsus gözəllik verir. Kəndin yaxınlığına yerdən çıxan mineral su böyrək xəstəliyindən əziyyət çəkənlərin müalicəsində istifadə edilir.
Dünyada üç belə kənd mövcuddur. Onlardan biri Türkiyədəki Kapadokiya, digəri isə ABŞ-dakı Dakotadır.
Mahmud

Xəbər 83 dəfə oxundu.