Rastislav Vrbenski: “Azərbaycanda qadınların məşğulluğu istiqamətində bütün tədbirlər həyata keçirilib”
Azərbaycanda qadınlar arasında məşğulluğun artırılması və işsizliyin aradan qaldırılması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən çox işlər görülüb. Bu fikri BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlət Birliyi ölkələri üzrə Regional Bürosunun direktorunun müavini Rastislav Vrbenski Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşdə deyib.
Rastislav Vrbenski bu istiqamətdə bütün lazımi tədbirlərin həyata keçirildiyini, lakin hələ görüləcək işlərin də olduğunu vurğulayıb. Qeyd edib ki, BMT-nin İnkişaf Proqramı ilə birlikdə daha çox iş görülə bilər.
Hicran Hüseynova bildirib ki, rəhbərlik etdiyi komitənin bir çox istiqamətlərdə BMT-nin təşkilatları ilə güclü əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq qadın sahibkarlığın inkişafına təkan verir. Sonuncu layihə kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi olub. Bir çox təşkilatlar üçün bu əməkdaşlıq nümunəvidir.
Hicran Hüseynova deyib ki, sahibkarlığın inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Əvvəllər Azərbaycanda cəmi 4 faiz sahibkar qadın var idi. Lakin görülən işlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində bu gün bu göstərici 30 faizə yaxınlaşır. Prezident İlham Əliyev qadın sahibkarlığının inkişafına xüsusi önəm verir.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsində və həyata keçirilən layihələrdə səmərəliliyin artırılması məsələləri müzakirə edilib.

Nigar

Xəbər 23 dəfə oxundu.