BANM-in tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırıb
Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Ayaz Səmədli Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi onuncu qrant müsabiqəsinin qalibi olub. BANM-dən bildirilib ki, A.Səmədli “Alqoritmik düşüncənin inkişafı” layihəsini BANM-in təşkilati dəstəyi ilə uğurla həyata keçirib.
Layihənin yekun mərhələsi ilə bağlı keçirilən tədbirdə BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimləri Abbas Əlili, Süleyman Süleymanzadə, bu və digər universitetlərin tələbələri iştirak ediblər.
Tədbirdə A.Səmədli layihə haqqında ümumi məlumat verib. Vurğulanıb ki, layihə çərçivəsində dekabrın 11-dən etibarən təlimlərə başlanılıb. On təlimdən ibarət olan layihədə iştirak üçün 28 nəfər müsabiqə yolu ilə seçilib. Təlimlərdə ölkənin altı aparıcı universitetindən olan tələbələr və Akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri iştirak ediblər. Layihə iştirakçıları təlim müddətində alqoritmlər və data strukturlar haqqında geniş məlumatlandırılıblar. Onlar öyrəndikləri nəzəri bilikləri praktiki olaraq avtomatik kod qiymətləndirmə sistemi - e-olymp.com saytı üzərindən tətbiq ediblər. İştirakçılar alqoritmlərin vacibliyi və tətbiq sahələrini mənimsəyib, öyrəndikləri bilikləri gələcəkdə daha da möhkəmləndirmək üçün istiqamətləndiriliblər. Sonda iştirakçıların öyrəndikləri bilikləri tətbiq etmələri və özlərini yoxlamaları üçün xüsusi yarış keçirilib.
Tələbələrə uğurlar arzulayan BANM-in müəllimləri onlara dəyərli məsləhətlərini veriblər. İştirakçılar layihə haqqında fikirlərini bölüşüb, mənimsədikləri biliklərin istifadə edəcəkləri istiqamətlər barədə danışıblar. Sonda təlimlərdə fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub, yarışın qalibləri isə müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Nigar

Xəbər 93 dəfə oxundu.