Xatirələrdə yaşayan insan
Bakı Dövlət Universitetində uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş dosent
Sabir Kərimovun 90 illik yubileyi


Bakı Dövlət Universitetində uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, bu sahədə özünün dəst-xətti ilə dərin iz qoymuş tarix elmləri namizədi, dosent Sabir Mülküm oğlu Kərimovun anadan olmasının 90 illik yubileyidir. O, Qubanın çox böyük tarixə malik olan Digah kəndində dünyaya göz açmışdır.
Əslində, onun haqqında bu yazıda yer alan xatirələrim çoxdan işıq üzü görməli idi. Amma xeyli gecikdi. Nə üçün, bilmirəm. Bəlkə də Sabir müəllimin 90 illik yubileyini gözləyirdi.
BDU-nun Tarix fakültəsinə daxil olana qədər şirin xəyallarımın qəhrəmanları əziz valideynlərim və doğma müəllimlərim idi. Çünki məni dünyaya gətirən valideynlərim, elmə həvəsləndirən isə müəllimlərim olmuşdur. Bakıya ayaq basıb, tələbə olana qədər bu insanlar mənim üçün müqəddəs idilər.
Sentyabrda bizə ilk dərsi Şamil Məmmədbəyli keçdi. Sözün həqiqi mənasında, böyük müəllim idi. Ona görə yox ki, Şah İsmayılı o bizə sevdirdi, həm də ona görə ki, şəxsiyyətinə hörmət qoyan kişi idi. Biz tələbələr ondan çox şey öyrəndik. Öyrənənlərdən biri də mən oldum.
Tələbəlik illərinin ilk günləri çətin başladı. Mənə dayaq dura biləcək kimsə yox idi, dayaq nöqtəsini kitablardan tapdım.
Dekabrın sonlarında fakültədə kadr dəyişikliyi oldu. Dekan müavini Adil Sadıqovun vəzifəsini böyütdülər, Universitet Partiya təşkilatına rəhbər vəzifəyə seçildi. Yeni dekan müavinimiz Sabir Kərimov oldu. Əslində, Tarix fakültəsinin dekan müavini həm də fakültənin dekanı demək idi. Çünki uzun müddət partiya işində çalışan və sonralar Tarix fakültəsinə dekan göndərilən Məmmədəmin Qazıyev xaraktercə çox yumşaq və həlim bir insan idi. O, tələbələri tanımadığı kimi, tələbələr də onu, demək olar ki, tanımırdılar desəm, dediklərimə şübhəniz olmasın. İlk sessiyamızı dekan müavini Sabir Kərimovla başladıq və başa vurduq.
Fevralın 10-da II semestrin dərslərinə başladıq. Əvvəlcədən qeyd edim ki, o zamanlar Tarix fakültəsi universitetin əsas binasında deyil, şəhərin mərkəzində, indiki İqtisad Universitetinin binasında yerləşirdi. Ona görə də Tarix fakültəsinin muxtariyyəti var idi. Bu binada günün I yarısı filoloqlar, günün II yarısı isə tarixçilər dərs keçirdilər. Kontingent kiçik olduğuna görə, hamı bir-birini tanıyırdı. Fevralda dərslər başlayandan sonra Sabir müəllimi yaxından tanımağa başladım. Sabir müəllim çox dəqiq və intizamlı bir insan idi. Qısa müddət ərzində fakültədə elə bir vəziyyət yarandı ki, nə müəllim, nə də tələbə dərsə gecikə bilməzdi. Dərs vaxtı dəhlizdə tam sakitlik olmalı idi. Müəllimdən tutmuş tələbəyə qədər hamı Sabir müəllimdən ehtiyat edirdi. Onun vaxtında ilk dəfə fakültənin əlaçı tələbələrinin siyahısı tərtib olundu, onların şəkilləri divardan asıldı. Akademik borcu olan tələbələrin valideynləri fakültəyə çağırılaraq, onlarla görüşlər keçirilməyə başladı. Bir sözlə, 1974-cü ilin ilk aylarından Sabir müəllimlə hər gün üz-üzə gəlirdim.
Güləşə xüsusi həvəsim olduğu üçün universitetdə də bu idman növü ilə məşğul olmağa başladım. Qısa müddət ərzində müəyyən uğurlarım oldu. Bir gün Sabir müəllim məni otağına çağırdı. Doğrusu, çox həyəcanlandım. Məni çox səmimi qəbul etdi və universitet İdman kafedrasının müdirinin mənimlə bağlı ona xoş fikirlər söylədiyini dedi. Mənim kiçik uğuruma çox sevindi. Bir cümləsi heç yadımdan çıxmır: idman yaxşı şeydir, xüsusilə idmanın güləş növü. Mən özüm də güləşçi olmuşam. Ancaq çalış ki, dərslərinə mane olmasın. Mən Sabir müəllimdən ayrılandan sonra hiss etdim ki, tələbələri öz övladları qədər sevən bir insanla rastlaşmışam.
Yay semestrində Sabir müəllimin ədalətinin şahidi oldum. Hər hansı tələbənin qiymətlə bağlı narazılığı olanda Sabir müəllimi axtarırdı. Hamının düşüncəsində belə bir fikir var idi: haqqımı ancaq Sabir müəllim müdafiə edə bilər. Elə də olurdu. O zaman düşüncələrdə heç bir neqativ fikir olmadığı üçün hamı bilirdi ki, Sabir müəllim nəyə görəsə tələbələrin haqqını müdafiə etmir. Belə ədalətli münasibət onun xarakterindən doğurdu.
II kursda xeyli uğurlarım oldu. Həm dərs əlaçısı, həm də güləş üzrə uğurlarım məni tanıtdı. Bir dəfə fakültələr arasında güləş üzrə keçirilən yarışa fakültə rəhbərləri də dəvət olunmuşdu. Həmin gün 62 kiloqram çəkidə universitet çempionu oldum. Məni ilk təbrik edən Sabir müəllim oldu. Sabir müəllim təkcə fakültədə qayğımıza qalmırdı. Ayda bir dəfə Tarix fakültəsi tələbələrinin yaşadığı 7 saylı yataqxanaya gələrdi. Yataqxanadakı problemlərimizlə maraqlanar və onların həllinə kömək edərdi. Bəlkə də bu cümləni yazmaq doğru deyil, amma yazmamaq da mümkün deyil. Sabir müəllim o insanlardandır ki, ehtiyacı olan tələbələrə öz cibindən pul verərdi. Amma bunu göydə Allah, yerdə özü və tələbə bilirdi. Mən bunları çox sonradan həmin tələbələrin dilindən eşitdim.
II kursun sentyabrından sinif nümayəndəmiz Moskva Dövlət Universitetinə göndərildi. Qrupun sinif nümayəndəsi kim ola bilər sualı ətrafında baş sındırırdıq. Bir gün Sabir müəllim əlində jurnal auditoriyaya daxil oldu, qrupa göz gəzdirdi. Gülə-gülə soruşdu: Bizim güləş çempionumuz kim oldu? Ayağa durmağa imkan vermədi. Davam etdi: güləşdə çempion olan sinif nümayəndəsi də ola bilər və jurnalı mənə uzatdı. Halbuki qrupda məndən on yaş böyük bir neçə tələbə var idi. Hətta bu tələbələrdən birinin Sabir müəllimə qohumluğu da çatırdı. Bu, Sabir müəllimin ədaləti idi, ona görə yox ki, o məni sinif nümayəndəsi təyin etdi, ona görə ki, hər birimizin kiçik uğurunu belə, nəzərdən qaçırmır və tələbələri həm tədrisə, həm də ictimai-siyasi həyata yönləndirirdi.
Hər semestr başa çatan kimi Sabir müəllim imkansız tələbələrin siyahısını bizdən alırdı. Onlara təqaüd verilməsi üçün əlindən gələni edirdi. Dəfələrlə aztəminatlı tələbələrlə bağlı Sabir müəllimə müraciət etməli olmuşdum. Hər dəfə də müsbət cavab almışdım.
Biz IV kursu başa vuranda Sabir müəllim artıq dekan müavini deyildi. Amma Sabir müəllim, sadəcə, vəzifədən getmişdi, ona olan hörmət azalmamış, əksinə, artmışdı. Sabir müəllim öz şəxsiyyəti ilə bütöv bir tələbə-müəllim heyəti üçün bir məktəb idi. Tarix fakültəsinin tələbəsi olaraq Sabir müəllimdən çox şey öyrəndik. Sabir müəllim dürüst adam idi, təmənnasız müəllim idi, şəxsiyyətinə önəm verən kişi idi, kimə isə yarınmaq, ümumiyyətlə, ona yad idi. Bir tələbə olaraq Sabir müəllimdən bunları öyrəndim.
Universiteti bitirəndən üç il yarım sonra yenidən bu təhsil ocağına qayıtdım. Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında baş laborant vəzifəsində işləməyə başladım. Bir il sonra Sabir müəllim fakültə partiya təşkilatına rəhbər seçildi. Məni özünə müavin təyin etdi və maliyyə məsələlərini mənə tapşırdı. Artıq hər gün bir neçə saat Sabir müəllimlə təmasda olurdum. Mənim üçün önəmli olanlar bunlar idi: Sabir müəllim yüksək zövqlü və həddindən artıq səliqəli insan idi. Onun xarici görünüşü onun yüksək intellekti, mədəni-mənəvi keyfiyyətləri ilə ahəng təşkil edirdi. Tələbələr və hətta müəllimlər belə, ondan yüksək insani davranış qaydaları öyrənirdilər.
Sabir müəllimin Bakıda bağı yox idi. Bilirdim ki, doğulduğu və boya-başa çatdığı Qubada onun bağ-bağatlı bir həyəti var. İmkan düşən kimi rayona gedərdi. Mənə deyərdi ki, əgər Bakıda bağ alsam, rayondakı evimə əlim çatmayacaq. Ona görə rayonla əlaqəsi üzülməsin deyə, Bakıda bağ almadı. Mən də Sabir müəllimin yolu ilə getdim, doğulduğum kəndlə əlaqəni kəsməmişəm və bundan qürur duyuram.
Sabir müəllim qənaətcil bir müəllim, hər cür təmtəraqdan çox uzaq idi. Sabir müəllim uzun müddət qəbul imtahanlarında tarix üzrə fənn komissiyasının sədri oldu. Onun ədalətli və təmənnasız olması ona böyük hörmət qazandırmışdır. Universitet rəhbərliyi də bunu bildiyi üçün bu çətin işi Sabir müəllimə dəfələrlə həvalə edirdi. Sabir müəllim qeybətdən və dedi-qodudan uzaq bir adam idi. Bu illər ərzində bir dəfə eşitmədim ki, kiminsə arxasınca danışsın. Kimə nə demək lazım idisə, üzünə deyərdi. Sabir müəllim bacarıqlı bir təşkilatçı idi. Tarix fakültəsinin idarəçiliyi nə qədər çətin olsa da, Sabir müəllim onun öhdəsindən uğurla gəlirdi. Sabir müəllim yerliçilik və bölgəçilik hislərindən çox uzaq idi. O, saf və səmimi, dürüst, vətənini və xalqını sevən Azərbaycan vətəndaşı idi. O, əsasən, rus bölməsində dərs deyirdi, amma Tarix fakültəsinin tələbələri Sabir müəllimlə bağlı dolaşan fikirləri əzbərdən bilirdilər: vətənsevərdir, savadlıdır, ədalətlidir, xeyirxahdır, təmənnasızdır, şəxsiyyətinə hörmət edən, yüksək mənəvi keyfiyyətlərə sahib olan bir ziyalıdır.
Yadımdadır, 20 Yanvar faciəsinin səhərisi Tarix fakültəsində ilk partiya təşkilatının fövqəladə yığıncağı keçirildi. Partiya biletindən ilk imtina edən Sabir müəllim oldu. Sabir müəllim kövrəldiyindən nitqini başa çatdıra bilmədi. Amma uzun illər ərzində mən Sabir müəllimi möhkəm xarakterli bir insan kimi tanımışdım. Lakin o millətin faciəsinə biganə qala bilmədi, onu öz faciəsi kimi qəbul etdi.
1991-ci ildə SSRİ dağıldı. Müəllimlərin maddi vəziyyəti ilə bağlı müəyyən çətinliklər yarandı. Sabir müəllim bu sərt imtahanda da öz ləyaqətini və şəxsiyyətini hər şeydən uca tutdu.
Uzun illərdir ki, Tarix fakültəsində çalışıram, məsul bir kafedraya rəhbərlik edirəm. Həmin kafedrada mənimlə bərabər, məndən daha əvvəl Sabir müəllimlə çiyin-çiyinə işləmiş baş müəllim Maral xanım Talıbova və dos.Səidə Əli qızı çalışırlar. Kafedranın elə bir əlamətdar tədbiri olmayıb ki, biz orada Sabir müəllimi yad edib onunla bağlı fikir və xatirələrimizi, ona olan ehtiramımızı bildirməyək. Bu gün də mən Tarix fakültəsinin müəllimi olaraq mühazirəyə başlayanda üzümü tələbələrə tutub belə deyirəm: Bizim böyük bir müəllimimiz var idi, adı Sabir, soyadı Kərimov idi. Bizim ondan öyrəndiklərimiz bugünkü müstəqil Azərbaycanımıza hava və su qədər lazımdır və bunları gənc nəslə təbliğ etməklə Qarabağa hər gün yaxınlaşmış olarıq. Sabir müəllimin məktəbi mərdlik, kişilik, qəhrəmanlıq, şərəflə yaşamaq məktəbi idi. Sabir müəllim ömrü boyu müəllim işlədi, ancaq heç bir tələbədən təmənna güdmədi. Biz bu məktəbi Sabir müəllimdən öyrəndik.
Xeyli vaxtdır ki, Sabir müəllim aramızda yoxdur. O, haqqın dərgahına qovuşub. Amma Sabir müəllim Tarix fakültəsi üçün bir mədəniyyət və pedaqoqluq məktəbi qoyub getdi. Sabir müəllim xoşbəxtdir ki, həm müəllimlər, həm də tələbələr bu məktəbin ənənələrini uğurla davam etdirirlər.
Anar İsgəndərov
BDU-nun kafedra müdiri,
tarix elmləri doktoru,
professor

Xəbər 110 dəfə oxundu.