Aşıq sənəti haqqında...
Aşıq sənəti qədimliyi ilə yanaşı, geniş bir tarixi-coğrafiyanı özündə ehtiva edir. Milli kimliyimizin təsdiqi olan aşıq sənəti ulu babaların bizlərə bəxş etdiyi ən böyük ərməğandır. Bu gün coğrafi baxımdan aşıq sənətinin zəifləməsi bizə onu dar çərçivəyə salmağa dəlalət vermir. Harda türk etnosu, kimliyi varsa, orada da aşıq sənəti mövcuddur. Aşıq sənətinin ululuğu yaşının əsrlərlə ölçülməsindən irəli gəlir. Tarixə nəzər yetirsək görərik ki, hər bir əsrdə neçə-neçə ustad ulu ozanlar yetişib. Türklər yaşadığı coğrafi məkanlarda bir çox xalqlarla qonşu olublar. Və zamanla aşıq sənəti bu xalqların bəzilərinə türklərin vasitəsilə keçib. Ancaq aşıq sənətinin tarixi məzmununun ortaya çıxmama səbəbləri də mövcuddur. Belə ki, tədqiqatçılar müxtəlif əsrdə olan aşıq sənətinin tədqiqinə obyektivlikdən uzaqlaşaraq subyektivcəsinə və dövrün ab-havasını əks etdirən bir yanaşma ilə yanaşıblar. Bu isə bir elm kimi formalaşan müasir aşıq sənətinin sütunlarının qurulmasında öz çətinliklərini ortaya qoyur. Geniş coğrafi məkana səpələnən türk etnosları zamanla ayrılaraq müstəqil özünüidarəetməyə malik olduqda aşıq sənəti də dövrün tələbi ilə altsistemlərə bölündü. Anadolu, Göyçə, Borçalı, Qarabağ, Dərbənd, Gəncəbasar, Naxçıvan və s. aşıq mühitləri yarandı. Bu mühitlərin hər birinin öz tarixi inkişaf mərhələsi var və müasir dövrün geniş araşdırılacaq mövzularıdır.
Aşıq sənətinin genetik qaynaqlarına ulaşmağı çətin proses kimi səciyyələndirmək olar. Çünki müasir araşdırmanın söykəndiyi etibarlı mənbələr yazılı abidələrdir ki, biz aşıq sənətinin genetik aspektlərini bu faktla götürdükdə kasadlıq çəkirik. Ancaq sevindirici hal kimi qeyd edə bilərik ki, aşıq sənəti xalq dilində yaşayır və bu rakursdan yanaşdıqda əhatəli araşdırma üçün yeni yollar tapılır. Xalq bu sənəti öz dilində, hafizəsində yaşadaraq qoruyub saxlamış və günümüzə kimi ötürmüşdür. Həmçinin iftixarla vurğulaya bilərik ki, aşıqların yaratdıqları dastanlar, ələlxüsus şeirlər bu sənətin tarixini öyrənməyə geniş şəkildə imkan verir. Mifoloji təsəvvür və ibtidai təxəyyüllərdən uzaqlığı ilə seçilən aşıqlıq geniş bir tarixi təkamülün nəticəsidir. Aşıq sənəti təkamül prosesində özünün tarixi ilə paralel dövrün tarixini də əks etdirərək böyük auditoriyalar üçün dialoq mənbəyidir.
Zamanın periodik inkişaf mənzərəsində aşıq sənətinin bir elm kimi meydanagəlmə şəraiti formalaşmış və tədqiqat obyektinə çevrilmişdir. Tədqiqatın ən ümdə mərhələsində sənətin geniş perspektivdə sistematik mənimsənilməsi dayanır. Sənət xalqın hafizəsinə hopduğu üçün tədqiqatın ən mühüm amili xalq yaddaşıdır. Ümumi xalq dilindən öyrənilməyə başlanan tədqiqat bizlərə geniş anlamda biliklərin əldə olunmasına yadımçı olur.
Bu gün aşıqların səhnə mədəniyyətində onların ifaları zamanı nümayiş etdirdikləri əl, qol və ayaq hərəkətlərinə çox az-az rast gəlirik. Sanki ustadlardan miras qalan bu ənənələr müasir davamçılar tərəfindən unudulur. Əlbəttə, buna yol vermək olmaz və aşıqlar ciddi şəkildə əl, qol və ayaq hərəkətlərinə əməl etməlidirlər. Axı bu hərəkətlər aşıqların ifalarına da gözəllik, şirinlik əlavə edərək oxucuları daha çox cəlb edir. Şübhəsiz ki, müasir oxucunu da aşıqların əl, qol və ayaq hərəkətləri maraqlandırır. Biz ustad aşıqların arxiv videolarına baxarkən onların ifaları zamanı hərəkətləri ayrı bir gözəlliyə malikdir. Düşünürəm ki, aşıq sənəti tək oxumaq və ifa etməkdən ibarət deyildir. Aşıqlar həmdə tarix ərzində gözəl oyun havaları nümayiş etdiriblər. Onların qeyri-adi hərəkət və oyunları haqqında xalqın hafizəsində çoxlu maraqlı söhbətlər cəmlənib.
Vaxt var idi ki, aşıqlar qəmli ifaları ilə daha çox muğam stilində oxumaqla məclisi, el dili ilə desək, kövrəldirdilər. Belə aşıqların şan-şöhrəti sürətlə yayılaraq el-oba arasında tez sevilirdilər. Təəssüf ki, biz bu cür aşıqlara və ifalara rast gəlmirik. Sazın ululuğunu və müqəddəsliyini müasir aşıqlar keçmişdən gələn ənənələr üzərində yaşadıb, qoruyub gələcək nəsillərə ötürə bilmirlər. Mən burada Gədəbəy rayonundan olan Aşıq Sədaqət Rəsulovun adını çəkmək istərdim. Aşıq Sədaqətin qəmli ifalarını bu gün də el-oba ağızdolusu danışır. Axı aşıqlar bu cür ifaları ilə xalqın dərdini dilə gətirərək tarixləşirlər. Ancaq indiki dövrün aşıqlarında bu cür qəmli ifalara rast gəlinmir və bu da sənətin əvvəlki şöhrətinə mənfi təsir edir. Bunlar göstərir ki, aşıqlar öz üzərlərində az işləyirlər. Onlar ifaçılığa, mütaliəyə məhdud çərçivədə vaxt ayırırlar. Əsas problem ustad yanına getmirlər və onlardan dərs almırlar. Bu gün aşıq sənətində qəmli ifalara olduqca böyük tələbatın olduğunu hiss edirik. Özü də insanların bir-birinə biganə olduğu indiki dövrdə qəmli ifalar aşıqlar tərəfindən el-oba arasında daha çox təbliğ olunmalıdır.
Aşıq sənətində çox maraqlı bir məqam diqqət cəlb edir. Hər bir aşıq mühiti, adətən, ustad aşıqların adı ilə sıx bağlıdır. Onların miras qoyduqları zəngin irs və yetirdikləri şəyirdlər həmin aşıq mühitinin böyüməsinə zəmin yaradıb. Ustad aşıqlar isə canlı bir tarix yaradaraq tarixin aparıcı qəhrəmanları olublar.
Hazırda hər kəs və hər yazar ustad aşıq adından çox istifadə edir, aşıqların əksəriyyətinə bu adla müraciət edirlər. Maraqlıdır ki, ustad aşıq kimlərə deyilir? Bu haqda çox danışılıb, az yazılıb. Hər aşığa da ustad aşıq deyə müraciət etmək olmaz. Aşıqların ustadlığını göstərəcək kriteriyalar müəyyənləşdirilməlidir. Şübhəsiz ki, bu həddindən artıq çətin məsələdir. Belə olduqda çalışıb bu məsuliyyəti dərk edərək ustad aşıqlığı müəyyən edən cəmiyyətin və aşıqların qəbul etdiyi kriteriyaları müəyyən etmək lazımdır. İlkin olaraq ustad aşıqların kriteriyalarını klassik aşıqların üzərində araşdırmalar aparmaqla müəyyən edə bilərik. Bunun üçün alimlərin, aşıqların və cəmiyyətin fikirləri ilkin olaraq öyrənilməlidir. Zamanımızda aşıq sənətinin problemləri ilə ciddi şəkildə məşğul olan insanlar da çox azdır deyə, bu cür məsələlər ətrafında diskussiyalar və elmi araşdırmalar aparılmır, kitablar çap olunmur.
Ustad aşıqlarla bağlı apardığımız araşdırmalara fərqli baxışlarla rastlaşdıq. Çopur Ələsgər ocağının nümayəndəsi, aşığın oğlu Eldar Ələsgəroğlu vurğulayır: “Ən azı ustad aşığın yetirmələri (şəyirdləri) olmalıdır, həmin aşıq Azərbaycan xalq dastanlarını bilməli, 72 əsas götürülən aşıq havalarını mükəmməl bilməlidir”. Şair Əflatun Hüseynoğlu isə qeyd edir: “Çox lazımlı bir problemə toxunmusunuz. Ustad aşıq sözü o sənətkara deyilməlidir ki, Eldar Ələsgəroğlunun da dediyi kimi, bütün klassik aşıq havalarını və dastanlarını mükəmməl bilsin və ifa eləsin. Ustad aşıq həm də çoxlu şəyird yetişdirməli və onları klassik aşıqların yaradıcılıqları ilə tanış etməlidir. Sözsüz ki, özü də yaradıcı aşıq olmalıdır. Bir neçə başdansovdu şeir yazıb, beş-on havanı bilməklə ustad olmaq olmaz. Ustad aşıq el-obanın xeyir-şərində layiqli şəkildə iştirak etməli, xalqın güvənc yerinə çevrilməlidir. Belə ki, onun adı çəkiləndə hamı hörmətlə yanaşmalıdır. Ustad olmaq istəyən Dədə Qurbanini, Dədə Qasımı, Abbas Tufarqanlını, Dədə Ələsgəri, Dədə Əmrahı, Xan Kamandarı, Hüseyin Saraclını, Mikayıl Azaflını və digərlərini özlərinə örnək götürməlidir. Ustad və Dədə titullarını aşığa xalq verir”.
Ustad Aşıq Mikayıl Azaflı ocağının nümayəndəsi, aşığın qızı Ulduz Azaflı isə öz fikirlərini bizimlə bölüşdü: “Hər əlində sazı olan, ifa etməyi bacaran sənətkara ustad aşıq demək olmaz. Ustad aşığın, ən azından sənət təcrübəsi olmalıdır. Uzun illərin sənət imtanından, sınağından çıxmalıdır. Sözü ilə, sənəti ilə bunu göstərməlidir. Xalqın içində olmalı, ustadlığını xalq gözündə göstərməlidir. Dəyərini xalq verib dəyərləndirməlidir. Ustad aşıq adını xalqdan qazanmalıdır. Ustad aşıq həm yaradıcı, sənətçi, bəstəkar, həm də rəqqas olmalıdır. Xalq arasında olduğu üçün hərəkətində, danışığında, ədəb-ərkanında nizamlanmalı, məclisin ölçüsünü bilməlidir. Ona zillənən gözləri oxumalıdır. Ustad aşıqlar keçmişindən gələn, tarixlərin yaddaşında yaşayan dastanlarımızı məharətlə, şirin ləhcəylə xalqa çatdırmalıdır. Bir sözlə, məclisə şirinlik qatmalıdır. Çox təəssüf edirəm ki, dastançı aşıqlarımız çox azdır. Sözün düzünü desək, əsl ustad aşıqlarımız, çox heyif ki, dünyasını dəyişiblər”.
Saz əsrlərlə xalqın danışan haqq səsi olub. Zülmə, ədalətsizliyə və s. insan xilqətinə zərər verən vəziyyətlərə qarşı düşmən olan saz müqqədəs hesab edilmişdir. Hər kəsin evində saz olar və heç olmasa, bir neçə ifanı bilərdilər. Saza belə məhəbbətin gizli sirri ondan ibarətdir ki, saz xalqın özünəməxsus milli alətidir. Xalq əsrlərlə yaratdığı dəyərləri həmişə müdafiə edər və onun qorunması yolunda canından belə, keçər. Əyani sübut kimi qürurla deyə bilərik ki, vətənimiz zamanla qəsbkarların işğalına məruz qalsa da, xalq müqəddəs sazını, sözünü qoruyub saxlamışdır.
Hər bir bölgənin aşıqları müəyyən xüsusiyyətlərlə fərqlənib. Bu, onların ləhcəsində, təhsilində, ifalarının zənginliyində, səhnə mədəniyyətində və s. xüsusiyyətlərdə öz əksini tapıb. Danılmaz həqiqətdir ki, aşıqlar bizim çoxəsrlik tariximizdə musiqi mədəniyyətinin ən ünlü simaları olublar. Xeyir məclislərimizin əsas aparıcıları məhz aşıqlar olubdur. Hətta insanlar ustad aşıqların məclislərində iştirak etmələri üçün bir neçə ay növbədə dururdular. Bu isə aşıq sənətinə verilən ən böyük xalq qiymətinin təsdiqidir.
Mahmud Əyyub,
AAB-in üzvü

Xəbər 254 dəfə oxundu.