İmişlidə 47 mindən çox rayon sakini kütləvi tibbi müayinədən keçirilib

İmişlidə əhalinin kütləvi dispanserizasiyası uğurla davam edir.
Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələrində, eləcə də laboratoriyada insanların tibbi müayinəsi üçün lazımi imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət 15 peşəkar həkim briqadası fəaliyyət göstərir. Artıq 19 yaşayış məntəqəsi, 36 təşkilat və müəssisədə müayinələr başa çatıb.
Humanitar aksiya rayon üzrə 95 min 754 nəfəri əhatə edir. Kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Səyyar həkim briqadaları bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə aparır.
Rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Sərahim Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, həmçinin 6 kənd və qəsəbə xəstəxanası, 67 nəfərdən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub. Bu günə kimi 47 min 622 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Müayinələrdən keçirilmiş vətəndaşların 499 nəfəri ambulator, 59 nəfəri isə stasionar müalicəyə cəlb olunub, 38 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb. Yerli şəraitdə müalicəsi mümkün olmayan 47 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssələrinə göndərilib.

Xəbər 231 dəfə oxundu.