Mingəçevirdə açıq səma altında muzey -“Kiçik Qobustan”
Mingəçevir su anbarının sahilində ləpələrin yaratdığı gözəllik və ya açıq səma altında muzey hamının marağına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qeyri-adi formada olan bu qaya daşlarını görən insanlar onların hansısa bir sənətkar tərəfindən xüsusi alətlərlə yonulub hazırlandığını düşünür. Əslində isə diqqət çəkən bu mənzərə yerli sakinlərin dəniz adlandırdığı Mingəçevir su anbarında ləpələrin uzun illərdir ki, sahildəki iri daşlara çırpılıb geri çəkilməsi nəticəsində formalaşıb.
Mingəçevirlilərin “kaha” dediyi bu iri qaya parçaları qədim insanların yaşayış məskənini xatırladır. Burada mağaraya bənzər oyuqların olması isə xüsusi diqqət çəkir. Yerli sakinlər bildirir ki, isti yay günlərində “Mingəçevir dənizi”ndə çimməyə gələn insanlar fərqli görünüşə malik bu daşların üzərində qeydlər də edirlər. Onlar öz adları, yaşadıqları şəhər və rayonların adları ilə daşların üzərini bəzəyirlər. Son vaxtlar bu qədim məkana turistlərin də marağı böyükdür. Dincəlmək üçün Mingəçeviri seçənlər ərazidən video və fotolar çəkərək sosial şəbəkələrdə paylaşırlar.
Yerli sakinlərin “Kiçik Qobustan” adlandırdığı bu maraqlı məkan gələcəkdə Mingəçevir şəhərinin turizm potensialına müsbət təsir göstərə bilər. Yerli sakinlərin sözlərinə görə şəhərə daha çox turist cəlb etmək üçün bu ərazidən daha səmərəli istifadə etmək olar.
Mahmud

Xəbər 127 dəfə oxundu.