Qaqik Qambaryan: “Ermənistana baş naziri Moskva təyin edir”
Ermənilərin “news.am” saytı yazır ki, ötən gün Ermənistanın hakim partiyası – Respublika Partiyasının icra orqanının toplantısında Serj Sərkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb. Partiya sədrinin müavini, baş nazir Karen Karapetyan bu vəzifəyə S. Sarkisyanın namizəd göstərilməsi təklifi ilə çıxış edib. Müzakirədən sonra təklif yekdilliklə qəbul olunub. Beləliklə , dünən - aprelin 16-da S. Sərkisyanın baş nazir postuna namizədliyi irəli sürülüb.
Ermənilərin «ArmenianReport» saytının dünənki sayında məhz elə bu yaşantılarla bağlı «Serj getməlidir» başlıqlı məqalə yer alıb. Məqalə müəllifi Ermənistanın baş naziri olmağa hazırlaşan Sərkisyana xitabən, nə qədər gec olmasa da bu yoldan çəkinməyi məsləhət görür: «…Əminəm ki, Sərkisyanın bu arzusuna Ermənistanda dəstək verən yoxdur. Ən əsası isə odur ki, sabah Serj Sərkisyanın müdafiəsi üçün bir kimsə də ayaga qalxmayacaq. Sərkisyanın tez bir zamanda hakimiyyətdən getməsi daha xeyirlidir. Bu həm Sərkisyanın, həm Ermənistanın, həm də uşaqlarımızın gələcək həyatı üçün xeyirlidir».
Ermənilərin «1in.am» saytına danışan politoloq Qaqik Qambaryanın da əsas mövzusu bu barədədir. Sayt əməkdaşı politoloqdan Ermənistanda yaranmış siyasi vəziyyət, Karen Karapetyanın yenidən baş nazir vəzifəsini tutmaq arzusuna münasibət bildirməsini istəyir.
Qambaryana görə, arzu və imkan iki fərqli şeydir: «İndi Serj Sarkisyan uzun illərdir hakimiyyətini əlində saxlamaq üçün məhdud bir fürsətə sahibdir. Ancaq unutmaq lazım deyil ki, son iki ildə Ermənistanda baş verən hər şey Serj Sarkisyanın gücünü ən yüksək səviyyədə yenidən qurmağa yönəldilmişdi. Mən bu gün Serj Sarkisyanın bir çox addım atdıqdan sonra kimə görəsə hakimiyyətdən imtina edə biləcəyinə inanmıram. Bu gün ölkə əhalisi Sərkisyana etiraz olaraq meydanlara çıxıb. Lakin belə görünür ki, Sərkisyan da baş nazir olmaq üçün israrlıdır. Karen Karapetyana gəldikdə isə qeyd etməliyəm ki, bu oyunda hərənin öz rolu var idi. Məncə, bu ərəfədə Karapetyan öz rolunun öhdəsindən layiqincə gələ bilib. Mən əminliklə deyə bilərəm ki, indi hər hansı bir erməninin öz ailəsində olan səlahiyyəti Armen Sarkisyanın Ermənistan Prezidentinin ofisindəki səlahiyyətindən yüksəkdir.”
Sayt əməkdaşının «Sizcə, Karen Karapetyan bəzi ümidlər yaradan bəyanatları ilə xalqı aldatmır ki» sualına erməni politoloqun cavabı belədir:
“Cəmiyyət Karen Karapetyanı tələb edə bilməz. Bəlkə də o verdiyi bəyanatlarla öz arzusunu ifadə edə bilər. Söz vermək isə başqa şeydir. Lakin, qeyd edim ki, bu gün cəmiyyətimiz siyasi cəhətdən çox savadsızdır. Maraqlıdır ki, hazırda İrəvanın özündə belə, yaşayan insanlar hələ də Armen Sarkisyanı böyük qüvvəyə sahib olan bir adam kimi dəyərləndirirlər. Mən özüm Armen Sarkisyan haqqında xoş sözlər söyləyən və ona böyük ümidlər bəsləyən bir çox insanlarla rastlaşmışam. Onların çoxu yeni prezidenti hakimiyyətin səlahiyyəti olan nümayəndəsi kimi görürlər.
Sayt əməkdaşının Karen Karapetyanın Serj Sərkisyana asanlıqla "təslim ola bilib-bilməməsi ilə bağlı» sualına Qəmbəryanın cavabı belədir:
- Mən Respublika Partiyasını siyasi partiya kimi qəbul etmirəm, mənim üçün bu çoxsaylı bir klubdur. Burada daha çox öz əmlakını sığortalamaq üçün bu kluba qoşulmağa məcbur olan bir oliqarxik qanad var. Amma unutmayaq ki, bütün bu qrupları Serj Sarkisyan birləşdirir. Əgər Karen Karapetyan imtina etməsə belə, parlamentdəki əksəriyyət Respublika Partiyasının əlindədir. Ümumiyyətlə, problem Karen Karapetyanın arzusu deyil, təəssüf ki, bizim strateji müttəfiqimiz (Rusiya nəzərdə tutulur-A.B.) Ermənistanda daxili siyasi həyatda böyük təsirə malikdir və biz belə məsələlərin parlamentdə həll olunmadığını unutmamalıyıq.
Siz, mən də daxil olmaqla, Serj Sarkisyanın baş nazir olub-olmaması məsələsinin yalnız İrəvanda həll olunduğunu fikirləşirik. Təbii ki, belə olsaydı mən də sevinərdim, amma bu, belə deyil. Əslində, rəsmi Moskva nə göstəriş versə, o da olacaq. Əgər Kreml Serj Sərkisyanı Ermənistana baş nazir təyin edərsə, Karen Karapetyan burada nə qədər istəsə də, heç nə edə bilməz.
Ağasəf Babayev

Xəbər 170 dəfə oxundu.