NDU-da səhnələşdirilmiş məhkəmə təlimi keçirilib
Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının layihəsi üzrə universitetin Sosialidarəetmə və hüquq fakültəsinin tələbələri üçün səhnələşdirilmiş məhkəmə təlimi keçirilib. Təlimin açılış mərasimində çıxış edən universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov təlimin simulyasiya edilmiş məhkəmə formasında,beynəlxalq standartların tətbiqinin sınanması baxımından aparılmasının mütəxəssis hazırlığının həyata keçirilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Məhkəmə təliminin əhəmiyyəti haqqında danışan Naxçıvan MR Vəkillər Kollegiyasının sədri, universitetin hüquq fənləri kafedrasının baş müəllimi Tural Hüseynov qeyd edibki, təlimin məqsədi tələbələrdə hüquqi yazı və məhkəmə vərdişlərinin formalaşdırılmasından, həmçinin nəzəri biliklərin interaktiv üsulla öyrənilməsindən ibarətdir. Bildirilib ki, “tələbələr üçün səhnələşdirilmiş məhkəmə təlimi” layihəsi üzrə ilk təlimlərə 2011-ci ildə start verilib.
Təlimin metodologiyası haqqında məlumat verildikdən sonra cinayət və məhkəmə işlərinintələbələr arasında paylanması və rolların bölüşdürülməsinə başlanıb. Üç günlük təlimdə fakültənin müxtəlif kurslarından olan 32 tələbə yüksək hazırlıq və nəzəri bilik nümayiş etdiriblər. “Ədalət mühakiməsinə dair beynəlxalq standartların tətbiqinə dair praktiki məsələlər”, “Ədalətli məhkəmə araşdırması hüququ” və “Cinayət və mülki mühakimə icraatları” mövzularında çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Sonda təlimin nəticələrinə dair yekun iclas keçirilib, səhnələşdirilmiş məhkəmə iclaslarının təhlili aparılıb, ekspertlərin rəyləri dinlənilib.
Təlimin yekun iclasında çıxış edən rektor keçirilən təlimi yüksək dəyərləndirərək belə tədbirlərin gələcək nəsil hüquqşunasların yetişdirilməsinə, ixtisas biliklərinin təcrübədə sınaqdan çıxarılmasına xidmət etdiyini qeyd edib.
Sonda təlimdə hər iki məhkəmə işi üzrə fəallıq nümayış etdirən 12 tələbəyə fərqləndirici, həmçinin 20 tələbəyə iştirakçı sertifikatı təqdim olunub. Hüquqşunaslıq ixtisası üzrə III kurs tələbəsi Təranə İsmayılova təlimlə bağlı təəssüratlarını bölüşüb.
Naxçıvan MR Vəkillər Kollegiyasının sədri
Tural Hüseynov

Xəbər 196 dəfə oxundu.