AzTU-da Azərbaycan və Türkiyə universitetləri ilə birgə konfrans keçiriləcək
Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov və universitetin “Elektromexanika və elektrik avadanlığı” kafedrasının müdiri, dosent Hikmət Əliyev “Beynəlxalq ERASMUS həftəsi 2018” konfransı çərçivəsində Türkiyənin Manisa Cəlal Bayar Universitetində işgüzar səfərdə olublar. Konfrans çərçivəsində bir sıra faydalı görüşlər keçirilib. Bu görüşlərdə məqsəd Türkiyənin, eləcə də Avropanın universitetləri ilə AzTU arasında yeni əməkdaşlıq sahələri yaratmaq və mövcud əməkdaşlıqları inkişaf etdirmək olub. Səfər çərçivəsində AzTU ilə Manisa Cəlal Bayar Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb və ERASMUS proqramının Türkiyə üzrə rəhbəri Məsud Kamiloğlu ilə görüş keçirilib. Danışıqların nəticəsi olaraq Türkiyə universitetlərinin ERASMUS layihəsi çərçivəsində AzTU-nu dəstəkləməsi razılaşdırılıb. Qərara gəlinib ki, bir il ərzində mövzu müəyyənləşdirilərək AzTU-da Azərbaycan və Türkiyə universitetləri ilə birgə multidissiplinar konfrans keçirilsin. Daha sonra isə 2019-cu il üçün Manisa Cəlal Bayar Universiteti ilə birgə iki ERASMUS layihəsinin təqdim edilməsi planlaşdırılır. Cəlal Bayar Universitetinin kollektivi ilə görüş zamanı gələcəkdə ikili diplomların verilməsi, birlikdə konfransların keçirilməsi, tələbə mübadiləsi, o cümlədən professor-müəllim heyətinin universitetlərdə qarşılıqlı çıxışları və AzTU-nun magistrlərinin Cəlal Bayar Universitetində təhsil alma imkanları ilə bağlı razılıq əldə edilib. Universitetin texnoparkına baxış zamanı keçirilən müzakirələrdə Cəlal Bayar Universitetinin alimləri AzTU-da maşınqayırma, materialşünaslıq, elektronika, eləcə də müdafiə sənayesi sahəsində həyata keçirilən tədqiqat işləri ilə maraqlanıblar. Qarşılıqlı araşdırmalardan sonra Cəlal Bayar Universitetinin texnopark rəhbərinin və Mühəndislik fakültəsinin əməkdaşlarının AzTU-ya səfəri də planlaşdırılır. Bundan əlavə, professor Sübhan Namazov Cəlal Bayar Universitetində təşkil olunan xarici tələbələrin festivalında iştirak edib və gələcəkdə bu festivalın AzTU-da da təşkil olunması üçün təşkilatçılarla məsləhətləşmələr aparıb.


Xəbər 26 dəfə oxundu.