“Cümhuriyyət tələbələri” inşa müsabiqəsi yekunlaşıb
“ADA” Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən silsilə tədbirlərdən biri kimi tələbələr arasında keçirilən “Cümhuriyyət tələbələri” mövzusunda inşa müsabiqəsinə yekun vurulub.
Universitetdən bildirilib ki, müsabiqəyə namizəd görülənlər arasından yüz tələbənin işi “Student Essays” toplumu şəklində çap edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə çətinlik və təhdidlərə baxmayaraq milli kadr quruculuğu məqsədilə 102 gəncin xaricə oxumağa göndərilməsi və onların sonrakı taleləri inşalarda tədqiqat mövzusu olub. “ADA” Universitetinin tələbələri işləri ilə seçdikləri “Cümhuriyyət tələbəsi”nin həyatına işıq salıb, onun Vətənə verdiyi töhfələri araşdırıblar.
İnşa müsabiqəsinin nəticələrinə görə, Biznes İnstitutunun bakalavrı Könül Bədəlova həkim Mürsəl bəy Şahsuvarova, İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun bakalavrı Nərgiz Qeybullayeva isə mühəndis Abbas bəy Atamalıbəyova həsr etdikləri inşalarına görə üçüncü yeri tutublar. Hər iki tələbəyə “ADA” Universitetinin yeni nəşri - ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun təsisçisi, professor Frederik Starrın müəllifi olduğu “İtirilmiş maarif: Mərkəzi Asiyanın qızıl dövrü ərəb istilasından Teymurləngədək” kitabı hədiyyə edilib. İnşa müsabiqəsində İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun bakalavrı Roza Səfixanlı “Cümhuriyyət tələbəsi” hüquqşünas Mustafa Ağa Vəkilov barədə yazdığı inşaya görə ikinci yeri tutub. Tələbəyə “iPad” hədiyyə olunub. Müsabiqənin qalibi isə İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun bakalavrı Ceyhun Əliyev publisist Hilal Münşizadə barədə yazdığı inşaya görə seçilib. Qalib tələbə Azərbaycanın Avropa İttifaqı ölkələrindəki diplomatik nümayəndəliklərindən birində bu yay təcrübə keçmək imkanı qazanıb.
Tural

Xəbər 63 dəfə oxundu.