“Bəs deyirdiniz müxalifətin pulu yoxdur?”
Köhnə müxalifət “qrant bazarı”na yeni adamların daxil olmasını istəmir
Londonda məskunlaşan sabiq vəkil Qurban Məmmədov son günlər sosial şəbəkələrdə cəbhəçilərin hücumuna məruz qalıb. Daha çox xaricdəki bir neçə siyasi savadı və təcrübəsi olmayan gənclərdən ibarət qrupların tərəfini saxlamaqla yadda qalan Q. Məmmədov ötən ay da keçmiş səfirlik işçisi olmuş Nahid Cəfərovun cəbhəçilər tərəfindən təhqir olunmasına qarşı çıxmışdı, onu müdafiə edən fikirlər səsləndirirdi.
İndi isə Q.Məmmədov yenidən müxalifət partiyaları olan həm AXCP, həm də Müsavatın bostanına daş atıb. Belə ki, Q.Məmmədov statusunda dolayısı ilə deyib ki, hər iki partiya xaricdən güclü maliyyə yardımı alıb. Əks təqdirdə, onlar Avropaya gedib orada tədbirlər təşkil edə bilməzdilər. O, belə tədbirlərin əhəmiyyətsiz olmasını da önə çəkib: “AXCP və Müsavat Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Avropada (???) silsilə tədbirlər keçirir. Görəsən, bu tədbirlərə xərclənən pullarla Azərbaycanın neçə rayonunda insanları təşkilatlandırmaq üçün iş aparmaq olardı? Neçə məhbus ailəsinə yardım etmək, neçə müxalif ruhlu jurnalistə arxa durmaq olardı? Dostlar, bəs deyirdiniz müxalifətin pulu yoxdur?”. Onun bu statusundan sonra AXCP trolları dərhal şərh bölümünə axışaraq Q.Məmmədovu aşağılayan şərhlər yazmağa başlayıblar. Q.Məmmədov hər vəchlə onlara izah etməyə çalışıb ki, tədbirlərə xərclənən pullar hansısa xaricdən maliyyə dəstəyi ilə baş tutur...
Hətta Q.Məmmədovu hakimiyyətə satılmaqda ittiham edən cəbhəçilər təhqirlərə də yol veriblər. Q.Məmmədov isə onlara cavab verərək yenidən izah edir ki, Avropaya baş tutan belə səfərlər bir adam üçün, ən azı 3-5 min dollara başa gəlir. Həmin pulları isə həbsdə olan müxalifətçilərin ailələrinə xərcləmək olardı. Xərclənmir, niyə? Deməli, müxtəlif səbəblərdən həbsdə olan müxalifətçilər və onların ailələri, əslində, bu adamların marağında deyil: “Məsələn, Cəmil Həsənli 2000 manat pensiya alır, ailəsinin də dolanışıq problemi yoxdur. Amma hansısa məhbusun valideyni türməyə yemək aparmağa pul tapmır”. Onun bu sözatmaları isə cəbhəçiləri daha da odlandırıb. Bəziləri Q.Məmmədovun həbsdə olarkən Əli Kərimlinin ona vəkillik etdiyini xatırlatsa da o, bu cəbhəçilərin yalanını ifşa edib: “Üç dəfə həbsdə olmuşam, nə mənə, nə də yanımda olan digər siyasi məhbuslara maddi dəstək göstərilməyib. Əli Kərimlinin isə vəkili mən olmuşam, o mənim yox!”. Elə cəbhəçi trollar da az aşın duzu deyillər. Onlar da Q.Məmmədovu ifşa edən şərh yazıblar. Ayəndə Mürsəliyeva adlı cəbhəçi yazıb ki, Avropada keçirilən həmin tədbirdə məhbus ailələri üçün pul yığılmışdı: “Məhbus ailələrini “fikirləşən” bəzi insanlar Bakıda olan bir neçə mərtəbəli mənzillərindən birini satıb niyə o məhbus ailələrinə yardım etmir?” Q. Məmmədov da tədbirdə yığılan məbləğin imitasiya olduğunu göstərib: “Beş min yola xərcləyiblər, min manat da məhbus üçün yığıblar?”
Maraqlıdır ki, digər statusunda Q.Məmmədov Müsavat başqanı Arif Hacılının qardaşı Vaqif Hacıbəyli ilə də yola getmədiyini göstərib. Bəlli olub ki, bir neçə gün öncə Arif Hacılı ilə canlı yayımda debata çıxan Q.Məmmədov Müsavat başqanının çıxışı zamanı bəzi hissələrdə kinayə ilə gülüb. Bu da V.Hacıbəylinin xoşuna gəlməyib və onu aşağılayan status yazıb. Əslində isə Q.Məmmədova olan bu hücumların arxasında bir neçə səbəb dayanır. Əvvəla, hazırda Qərbdən maliyyə yardımları ayrılır ki, bunun üstündə də iki qrup arasında dava gedir.Bunların biri yeni formalaşan “mühacirət müxalifəti” və onları dəstəkləyən bəzi müxaliflər-Xədicə İsmayıl və Aslan İsmayılov kimilərdir. Digər qrup isə köhnə komanda-radikal müxalifət partiyalarıdır. Qurban Məmmədov isə fərd olsa da, ayrıca qrup kimi görünməyə çalışır. Oun “lahiyəsi”, canlı yayımları-debatları populyarlaşdıqca ona qarşı Müsavat və AXCP tərəfindən qısqanclıqla qarşılanır. Axı onlar iddia edirlər ki, ölkədə əsas müxalifət AXCP və Müsavatdır. Digər tərəfdən də Qurban Məmmədov “qrant bazarı”na daxil olmaqla onların payına şərik ola bilər.Görünən odur ki, Q.Məmmədovun başı hələ çox dərddə olacaq və bu “xəmir çox su aparacaq”.
Tural Tağıyev




Xəbər 150 dəfə oxundu.