İnsan alveri ilə bağlı maarifləndirmə turuna start verilib
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə maarifləndirmə turuna start verir. Bu məqsədlə “Xaricə getmək istəyənlər üçün təhlükəsizlik bileti” adlı maarifləndirmə turu barədə tədbir təşkil edilib.
Görüləcək işlər barədə məlumat verən İctimai Birlik sədri, eləcə də layihə rəhbəri Gülayə Səfərova qeyd edib ki, tədbirlər planının əsas məqsədi insanları maarifləndirmək, onları həm ölkə daxilində, həm də ölkədən kənarda təhlükəsizliyinin təmin olunması üçün səfərbər etməkdir. Layihə rəhbərinin sözlərinə görə, son vaxtlar insan alveri məsələsi qlobal problemə çevrilib və bu bəla Azərbaycandan da yan keçmir. İnsan alveri dedikdə burada vətəndaşların müxtəlif yollarla təhsil, iş adı ilə başqa ölkələrə aparılması, onların həm cinsi, həm də əməyinin istismar olunması, orqan transplantasiyası qurbanına çevrilmək riski kimi başa düşülməliidr. Gülayə Səfərova vurğulayıb ki, layihənin qayəsi də, insanları baş verə biləcək hər hansı təhlükəyə qarşı təlimatlandırmaqdır. Bu səbəbdən xaricə gedən şəxslərin daha çox nəyi bilmələri, hansısa problem olduqda necə davranmaları, hara müraciət etmələri, şəxsi sənədləri qoruması vacib və bilməli olduğu məsələlərdir.

İctimai birlik sədri qeyd edib ki, maarifləndirmə layihəsi çərçivəsində sərhəd-gömrük keçid məntəqələrinə yaxın rayonlara Qusar, Biləsuvar, Qazaxa bir qrup könüllülər ilə birgə turlar təşkil olunacaq. Gənclər həmin ərazidə insanları layihənin məqsədi ilə tanış edəcək və təlimatlandırıcı bukletlər paylayacaqlar.
Daha sonra çıxış edən DİN-nin insan alverinə qarşı mübarizə üzrə QHT koalisiyasının sədri Mahirə Əmirhüseynova da vurğulayıb ki, xüsusiylə qızlarımızın əcnəbilərlə ailə qurmaq arzuları , gənclərin xaricdə təhsil almaq və ya yaşamaq istəkləri çox halda onların həyatını təhlükə ilə üz-üzə qoya bilər. Bu səbəbdən valideynlərin də övladları üzərində nəzarəti vacibdir.

Ardınca çıxış edənlər Səhiyyə Nazirliyinin əməkdaşı Nüşabə Səlimova, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev, Mədəniyyət Nazirliyinin təmsilçisi Məftunə Qulamova və başqaları da mövzunun aktuallığını və vətəndaş cəmiyyətinin təbliğat kampaniyasında aktiv iştirakının vacibliyini qeyd ediblər.

Fuad

Xəbər 119 dəfə oxundu.