Dilçilik İnstitutu saytlarıda müşahidə olunan qüsurları açıqlayıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirilib.
APA-nın xəbərinə görə, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov saytların ədəbi dilinin monitorinqinin aparıldığını, APA, Lent.az, AZƏRTAC, axar.az, musavat.com, trend.az, modern.az, bakupost.az, qaynarinfo.az, milli.az, qafqazinfo.az, minval.info və digər saytların monitorinqə cəlb olunduğunu bildirib. O deyib ki, saytların dilində ədəbi dilin təmizliyini pozan sözlərə rast gəlinir: "Məsələn, L. Əkbərova onlara 100 min manatdan çox pul "atıb".
Ş. Məmmədov fonetik normanın pozulması hallarının əksər saytlarda müşahidə olunduğunu vurğulayıb: "Xəbər mətnləri ilə müqayisədə müsahibə mətnlərində səhvlər daha çoxdur. Mətnlər ciddi şəkildə redaktə olunmur. Ümumilikdə saytlarda xüsusi adların yazılışında ciddi qüsurlar var".
İnstitut əməkdaşı qeyd edib ki, saytların dilində leksik, üslub və qrammatik normanın pozulması halları da baş verir: "Cümlədə söz sırasının dəyişməsi ilə qrammatik normanın pozulması halları da müşahidə olunur. Belə pozuntular daha çox danışıq dilinin təsiri ilə baş verir. "Sumqayıtda 61 yaşlı qadın vurulan səhv iynədən ölüb". Azərbaycan dilində səhv iynə ifadəsi yoxdur".
Ş. Məmmədovun sözlərinə görə, saytlarda müşahidə olunan norma pozuntulardan biri də cümlədə durğu işarələrinin düzgün qoyulmamasıdır.

Mahmud

Xəbər 115 dəfə oxundu.