Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 iyun – milli qurtuluş gününə həsr olunan və Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Səmrərqənd Dövlət Universitetində tədbir keçirilib, Azərbaycan Xalq Cümhuriyyəti, xalqımızın istiqlal mübarizəsinə dair “Əbədi ezamiyyət” filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru, professor Muxtar Nasirov Özbəkistan üçün dost, qardaş bir ölkə olan Azərbaycanın xüsusi əhəmiyyət kəsb etdiyini, ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər barədə söhbət açıb. O, ilk dəfə olaraq müsəlman Şərqində azad və demokratik Cümhuriyyət quran Azərbaycan xalqının istiqlal bayramını təbrik edib.
Muxtar Nasirov Azərbaycanın mədəniyyətini və incəsənətini özündə əks etdirən Mərkəzin ötən il Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Səmərqənd Dövlət Univeristetində açıldığını və bu Mərkəzin Univeristetin mədəni həyatında mühüm rol oynadığını, dostluq əlaqələrimizin dərinləşməsi, qardaş Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaqda böyük imkanlar açdığını söylədi.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini və bu məqsədlə Azərbaycanda, dünyanın müxtəlif ölkələrində yubiley tədbirlərinin keçirildiyini söylədi.
Diplomat qarşısına müstəqil, azad və demokratik bir Cümhuriyyət qurmaq kimi şərəfli vəzifə qoyan xalqımızın yaratdığı dövlətin 23 ay fəaliyyət göstərməsinə baxmayaraq böyük uğurlar əldə etdiyini söylədi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsinə baxmayaraq, onun ideyalarının xalqımız yaddaşlarda yaşatdığını vurulayan Samir Abbasov 70 illik sovet hakimiyyəti dövründə qəlbimizdə yaşatdığımız bu istiqlaliyyətə ötən əsrin axırlarında xalqımızın yenidən qovuşduğunu qeyd etdi.
O, tədbir çərçivəsində nümayiş olunacaq “Əbədi ezamiyyət” filmi haqqında məlumat verdi. Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə lentə alınmış  sənədli-bədii filmin bu dövrün hadisələrinə geniş işıq saldığını vurğuladı
Daha sonra “Əbədi ezamiyyət” filmi nümayiş etdirildi. Xalq Cümhuriyyəti xadimlərinin istiqlal yolunda çətin və şərəfli fəaliyyətlərinə həsr olunan film tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Tədbir bədii proqramla davam edib, milli rəqslərimiz və Azərbaycan saz ustalarının çıxışlar təqdim edilib.
Səmərqənd şəhərində “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Səmərqəndin aparıcı kitabxanalarına ölkəmizə dair zəngin kitab kolleksiyası da hədiyyə edilib. Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, habelə Azərbaycan Xalq Cümhuriyyətinə dair çoxsaylı kitab və jurnallar Səmərqənd Vilayətinin Aleksandr Puşkin adına Mərkəzi Kitabxanasına hədiyyə edilib. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Daşkənddə Azərbaycana dair özbək dilində çap olunan 50 adda kitablar da qeyd olunan kolleksiyaya daxil edilib.
Çıxışçılar qeyd ediblər ki, Azərbaycanla bağlı bütün tədbirlər Özbəkistanda böyük maraqla qarşılanır və onlar Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Səmərqənd Vilayətinin kitabxanalarına hədiyyə olunan kitablar əsasında Azərbaycana dair zəngin kolleksiyanın formalaşdığını qeyd ediblər.
Tural

Xəbər 139 dəfə oxundu.