Azərbaycan ilə Tacikistan arasında mədəni əməkdaşlığın geniş perspektivləri var

İyunun 19-da mədəniyyət naziri Əbülfəs Qarayev Naxçıvan şəhərin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirdə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistanın mədəniyyət naziri Şamsiddin Şodibeklə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir Əbülfəs Qarayev iyunun 20 keçiriləcək “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı” tədbiri barədə məlumat verib. Bildirib ki, Naxçıvan Azərbaycanın qədim məskənlərindən biri olmaqla bərabər, həm də özündə ölkəmizin qədim və zəngin tarixini, mədəniyyətini əks etdirir. “Belə bir tədbirdə Tacikistanın da bizimlə birlikdə olması Azərbaycan dövlətinə qarşı hörmətin, dostluğun təzahürüdür. İnanırıq ki, bu səfərinizdən məmnun qalacaq, Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanacaqsınız”, - deyə Ə.Qarayev bildirib.
Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Solinin aktiv fəaliyyətini qeyd edən nazir diplomatın mədəniyyət sahəsinə göstərdiyi diqqətə və məhsuldar əməkdaşlığa verdiyi töhfələrə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, dövlət başçılarının birgə səyləri və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafı üçün daha geniş imkanlar yaradır.
Səmimi qəbula görə minnətdarlığını bildirən Tacikistanın mədəniyyət naziri Şamsiddin Şodibek özlərini Azərbaycanda qonaq kimi deyil, evlərindəki kimi hiss etdiklərini vurğulayıb. Tacikistanda həyata keçirilən yerli və beynəlxalq mədəni layihələr haqqında məlumat verən nazir ölkəsinin ev sahibliyi etdiyi muğam festivallarında Azərbaycan xanəndələrinin mütəmadi iştirakını yüksək dəyərləndirib. Bildirib ki, dostluq, qardaşlıq zəminində inkişaf edən münasibətlər bundan sonra da davamlı olacaq.
Azərbaycana səfərləri zamanı “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu və Heydər Əliyev Mərkəzini ziyarət etdiklərini diqqətə çatdıran qonaq qeyd edib ki, xalqlarımız arasındakı tarixi köklər, musiqi və sənət sahəsindəki oxşarlıqlar onları bir-birinə daha yaxın edir.
Görüşdə ölkələrimiz arasında müştərək mədəni layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Xəbər 62 dəfə oxundu.