“Amerikalı musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərinə böyük maraq göstərirlər”
Töhfə Eminova:
“Azərbaycanlı gənclərin “Florida Keys” müsabiqəsində iştirak etmələri onların musiqi karyeralarına böyük təkan verəcək”

Gənc azərbaycanlı musiqiçilərin beynəlxalq arenaya çıxması üçün şans yaranıb. Belə ki, ABŞ-ın Nyu-York şəhərində gənc istedadlar arasında “Florida Keys” (IMCYT) adlı beynəlxalq musiqi yarışmasına start verilib. Maraqlıdır ki, bu müsabiqənin əsas təşkilatçıları azərbaycanlılar - bəstəkar Cövdət Hacıyevin qızı Pərvin Muradova və Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovadır. Qeyd edək ki, Töhfə Eminova ixtisasca teatrşünas və musiqiçidir. Ailə vəziyyəti ilə bağlı 2000-ci ildən ABŞ-ın Mayami şəhərində yaşayır. Mayamidə Tibbi Kolleci (Medical College) bitirib. Ailəlidir, 2 övladı (Aydın və Nabat) var. Töhfə Eminova Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri olaraq ABŞ-da Azərbaycanın tarixini, mədəniyyətini, adət-ənənələrini tanıdır. “Florida Keys” musiqi müsabiqəsi də, bu baxımdan, orijinal ideyadır. Töhfə xanım bu beynəlxalq müsabiqə ilə bağlı özəl olaraq “Palitra”ya müsahibə verib.

- Bu müsabiqənin keçirilməsi təşəbbüsü kimdən gəlib?
-2018-ci ildə görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin qızı Pərvin Muradova, eləcə də təhsil və mədəniyyət şöbəsinin müdirinin təşəbbüsü ilə ilk beynəlxalq musiqi müsabiqəsi -Florida Keys (IMCYT) quruldu. Təşkilat Komitəsi mən, metodik kitabın müəllifi, musiqi studiyasının direktoru Kaye Lang və çinli pianoçu Vivian Fungdan ibarətdir.
- Müsabiqəni keçirməkdə məqsəd nədir?
- Yarışmamızın məqsədi gənc istedadları müəyyən etmək və dəstəkləmək, ölkələr arasında mədəni bir körpü yaratmaq və Azərbaycanın zəngin musiqi mədəniyyətini təbliğ etməkdir. Florida Keys ABŞ-da yaşayan azərbaycanlılar tərəfindən keçirilən ilk müsabiqədir.
- Yerli amerikalıların buna münasibəti necədir?
- Amerikalı musiqiçilər, müəllim və ifaçılar Azərbaycan bəstəkarlarının əsərlərinə böyük maraq göstərirlər. Hətta Azərbaycan bəstəkarlarının əsərləri imtahan proqramına daxil edilir, yerli müsabiqələrdə onların əsərləri ifa edilir. Belə tədbirlərə bizləri də dəvət edirlər. Bu, çox müsbət haldır və gələcəkdə birgə layihələr üçün böyük ümidlər verir.
- Müsabiqədə iştirak etməyin şərt və qaydalarını izah edərdiniz.
- Yarışmada 5-23 yaşarası gənclər, 5-32 yaşarası vokalçılar, eyni zamanda əlilliyi olan uşaqlar da iştirak edə bilərlər. Məqsəd dünyanın ən yaxşı musiqiçilərini internetlə üzə çıxarmaqdır. Münsiflər heyətinə nüfuzlu musiqiçilər daxildir. Müsabiqədə iştirak etmək üçün internetdə (www.floridakeyscompetition.com) qeydiyyatdan keçmək lazımdır. Daha sonra video göndərilməlidir. Münsiflər heyətinin üzvləri ən istedadlı musiqiçini seçib Nyu-Yorka dəvət edəcəklər. Bu ilin noyabr ayında Nyu-Yorkda “Carnegie Hall” da qala konsert keçiriləcək və mükafatlar təqdim olunacaq. Qaliblər şəxsi hesabları və ya sponsorlar vasitəsilə təqdimat mərasimində iştirak edə bilərlər.
Bizim musiqiçilərin ifaçılıq səviyyəsi çox yüksəkdir, hətta bir çox xalqlara nümunədir. Yeri gəlmişkən, təqdimatda Azərbaycan bəstəkarlarının əsərləri də səslənəcək.
- Azərbaycanlı gənc musiqiçilərin dünyada tanınmasında bu müsabiqənin nə kimi rolu var?
- Bu, çox professional müsabiqə olacaq. Burada iştirak etmək istəyən istedadlı uşaqlar var. Bu, gənc azərbaycanlı musiqiçilərin beynəlxalq arenaya çıxması və tanınması üçün bir şansdır. İnanıram ki, azərbaycanlı gənclərin “Florida Keys” müsabiqəsində iştirak etmələri onların musiqi karyeralarına gələcəkdə böyük bir təkan verəcək. Bu müsabiqə laureatların müsbət imiclərinin yaradılmasına kömək edəcək. Həmçinin onlar digər ölkələrdə keçirilən konsertlərdə iştirak edərək beynəlxalq musiqi aləmində tanınacaqlar. Bütün bunlar isə ölkəmizin milli mədəniyyətini daha da zənginləşdirir.
- Bu il daha hansı layihələr planlayıbsız?
- Bizim Azərbaycan musiqi mədəniyyətinin təbliği, notların çap olunması, festivalların təşkil olunması istiqamətində maraqlı layihələrimiz var. Biz iyulun 15-20 tarixlərindən Bakıda keçiriləcək Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İnternational Society for Music Education - İSME) 33-cü Ümumdünya Konfransında iştirak edəcəyik.
Fuad Hüseynzadə

Xəbər 748 dəfə oxundu.