Culfanın Qazançı kəndində quruculuq işləri həyata keçirilir
Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri Culfa rayonunun Qazançı kəndini də əhatə edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Qazançı kəndinin mərkəzində Culfa rayon Tikinti-Quraşdırma İdarəsi tərəfindən məktəb, həkim ambulatoriyası, kənd və ticarət mərkəzləri üçün yeni binalar inşa edilir. İş icraçısı Babalı Hüseynov tikintilərdə aparılan işlər barədə məlumat verərək bildirib ki, 216 şagird yerlik məktəb binası ilə yanaşı, bufet, qazanxana və sanitar qovşağın yerləşəсəyi yardımçı bina da tikilir.
Kənd mərkəzi ilə həkim ambulatoriyası ayrı-ayrı girişləri olan bir binada fəaliyyət göstərəcəkdir. İş icraçısı bu barədə dedi ki, bina zirzəmi qatı ilə birlikdə 3 mərtəbədən ibarətdir. Tikinti, ümumilikdə, başa çatdırılıb. Kənd mərkəzində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kitabxana, mədəniyyət klubu və sair üçün otaqlar istifadəyə veriləcəkdir. Həkim ambulatoriyasında isə kənd sakinlərinə hərtərəfli tibbi xidmət göstərilməsi üçün stomatoloq, ginekoloq, müayinə, manipulyasiya, pediatr, peyvənd otaqları, aptek fəaliyyət göstərəcəkdir. Bu binada son tamamlama işləri görülür. Belə ki, qapılar salınır, döşəməyə parket vurulur.
Ərzaq və təsərrüfat malları mağazaları, qəssabxana, qadın gözəllik salonu, kişi bərbəri fəaliyyət göstərəcək ticarət mərkəzində isə hörgü işləri aparılır.

Xəbər 90 dəfə oxundu.