“Azərbaycanın İsveçrəyə ixracı 43 faiz artıb”
Şahin Mustafayev: “Biz fındıq üzrə dünyada üçüncü ixracatçıyıq. Lakin İsveçrəyə cəmi 40 ton fındıq ixrac olunub. Bu rəqəm dəfələrlə artıq ola bilər”
“Bu ilin ilk beş ayında Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsi 82 faiz artıb. Ölkəmizdə 71 İsveçrə kapitallı şirkət fəaliyyət göstərir.” Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda deyib. Nazir qeyd edib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 240 milyon dolları ötüb. Bu, 2016-cı illə müqayisədə 46 faiz çoxdur. İsveçrə Azərbaycanın qeyri-neft sektoruna 730 milyon dollar, Azərbaycan isə İsveçrəyə 1,2 milyard dollar investisiya yatırıb. Eyni zamanda Azərbaycanın İsveçrəyə ixracı 43 faiz artıb. Qeyri-neft məhsullarının ixracında İsveçrə ön sıralardadır. İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, Azərbaycandan İsveçrəyə şərab ixracı üçün böyük potensial var. Nazir qeyd edib ki, İsveçrəyə ən böyük həcmdə qızıl ixrac edirik, həmçinin fındıq ixracı həyata keçirilir: “Hesab edirik ki, şərab ixracı üçün də potensial böyükdür. Biz fındıq üzrə dünyada üçüncü ixracatçıyıq. Lakin İsveçrəyə cəmi 40 ton fındıq ixrac olunub. Bu rəqəm dəfələrlə artıq ola bilər. Bu yaxınlarda ölkəmizin fındıq ixracatçılarının İsveçrəyə ixrac missiyası təşkil olunmuşdu. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi hesabına göstəriciləri artıra bilərik”. Azərbaycan-İsveçrə əlaqələrinin uğurla inkişaf etdiyini deyən nazir qeyd edib ki, qeyri-neft məhsullarının ixracında İsveçrə ön sıralardadır: “Azərbaycanda İsveçrənin "Holcim" şirkəti sement istehsalı ilə məşğul olur. Eyni zamanda Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan tikinti materialının istehsalı ilə məşğul olan zavod bu yaxınlarda açılacaq. Həmçinin dərman avadanlıqlarının idxalı sahəsində İsveçrə ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Hesab edirik ki, Azərbaycan-İsveçrə əlaqələrinin inkişafı üçün kifayət qədər istifadə olunmamış potensial var. Bu potensialdan istifadə edərək şirkətlər arasında əlaqələr genişlənə bilər”. İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammann deyib ki, İsveçrə daim sağlam əməkdaşlıq potensialı axtarışında olan ölkə kimi Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir: "Ölkələrimiz arasında çox gözəl ikitərəfli münasibətlər mövcuddur. Biz neçə ildir ki, sıx əməkdaşlıq edirik. Biz, "Holcim" və əczaçılıq sahəsində ixtisaslaşan İsveçrə şirkətləri ilə Azərbaycana gəlmişik, iqtisadi sahədə əlaqələrimizi daha da intensivləşdirmək istəyirik". Yohan N.Şnayder-Ammann Avropa ölkələrini də əhatə edən "Bir kəmər – bir yol" layihəsinin əhəmiyyətinə toxunaraq bildirib ki, İsveçrə daim sağlam əməkdaşlıq potensialı axtarışında olan ölkə kimi Qafqazda, xüsusilə Xəzər regionunda dost Azərbaycan ilə əməkdaşlıq etmək niyyətindədir.
A.Miriyev

Xəbər 153 dəfə oxundu.