Musiqili Teatrın dirijoru beynəlxalq festivalda iştirak edib
Bişkekdə Qırğızıstan Respublikasının Prezident Aparatı, Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və "Prima” İctimai Fondunun birgə təşkilatçılığı ilə "TENGRI Music - 2018” IV Beynəlxalq Klassik Musiqi Festivalı keçirilib. Hər il Bişkekin Qələbə parkında açıq səma altında düzənlənən  festivalda bu dəfə Qırğızıstanın "Manas” və  "Çuy" kamera orkestrləri, Bişkek Opera və Balet Teatrının solistləri, Rusiyanın Rostov akademik simfonik orkestri, Ukrayna və Özbəkistanın tanınmış musiqiçilərindən ibarət 80 nəfərlik yaradıcı heyət iştirak edib. 
Konsertdə ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının gənc və istedadlı dirijioru, beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov layiqincə təmsil edib. "Prima” fondunun rəhbəri Viktoriya Yurtayevanın xüsusi dəvəti ilə bu möhtəşəm beynəlxalq mədəniyyət hadisəsində iştirak edən Orxan Həşimov  Q. Qarayevin - Gözəllər gözəli "Yeddi gözəl" baleti,  C. Verdinin ``Traviata"  və J.Offenbaxın  "Hoffmanın hekayələri" əsərlərindən seçmələrə dirijorluq edib.
Qeyd edək ki, 2017-ci ildə Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən Orxan Həşimov gənc olmasına baxmayaraq, indiyə qədər bir çox müsabiqə və festivallarda – 2015-ci ilin may ayında Moskvada keçirilən "Musical Art” beynəlxalq müsabiqəsində diploma layiq görülmüş, həmin ilin noyabrında Budapeştdə keçirilən Antal Dorati adına Beynəlxalq Drijorluq müsabiqəsində I yerə çıxmış, 2016-cı ildə Kremldə "Мелодика поколений” festivalında isə Rusiya Federasiyasının Prezident orkestri ilə debüt konserti verərək diploma layiq görülmüşdür. Hal-hazırda Azərbaycan Dövlət Musiqili Teatrında çalışan gənc dirijor Moskva Konservatoriyasının Simfonik orkestri, Moskva Konservatoriyasının Opera Teatrının Simfonik Orkestri, Rusiya Federasiyasının Simfonik Orkestri, Polşanın Gdansk şəhərində F.Şopen adına Polşa-Baltik Simfonik orkestri və Budapeşt MAV simfonik orkestri ilə əməkdaşlıq edir.
Tural

Xəbər 84 dəfə oxundu.