“Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”

Türkay Hüseynov: “Hər zaman xarici tələbələrlə görüşlərimiz olduqda onları Azərbaycan haqqında məlumatlandırmağı özümə borc bilirəm”

Müsahibimiz Rumıniyanın Babeş-Bolyai Universitetinin magistri Türkay Hüseynovdur
- Öncə sizi tanımaq istərdik...
- Mən Hüseynov Türkay Zahid oğlu 1990-cı ildə Bakıda anadan olmuşam. Orta təhsilimi 2008-ci ildə Nərimanov rayonu 304 nömrəli orta məktəb-liseydə başa vurduqdan sonra, elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası işlətmə fakültəsinə daxil oldum. 2012-ci ildə ali təhsilimi müvəffəqiyyətlə bitirib, vətənə olan borcumu ödəmək üçün hərbi xidmətə yollandım. 2013-cü ildə hərbi xidmətimi uğurla başa vurub universitet illərində çalışdığım AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq münasibətlər şöbəsində mütəxəssis olaraq işimə davam eləməyə başladım.
- Necə oldu ki, Rumıniyada təhsil almaq qərarına gəldiniz?
- Mən bir müddət AMEA İnformasiya Texnologiyaları İnstitutunda işlədikdən sonra magistr təhsilimi xaricdə davam etdirmək qərarına gəldim və beləliklə, Rumıniya dövlətinin xarici tələbələr üçün ayırdığı təqaüd proqramına müraciət etdim. 2017-ci ildən təhsilimi Rumıniyanın Cluj-Napoca səhərində yerləşən Babeş-Bolyai Universitetinin İqtisadiyyatın və Biznesin idarəedilməsi fakültəsində Mühasibatlığın İdarəedilməsi, Audit və Nəzarət (Management of Accounting , Audit and Control) ixtisası üzrə rumın dilində davam etdirməkdəyəm. Bu illər ərzində bir sıra beynəlxalq yay məktəblərində iştirak etməyə nail olmuşam. Bunlardan Kiyev və Buxarestdə keçirilən yay məktəblərini və ən son Madriddə təşkil olunmuş “XIV Beynəlxalq Mühasibatlıq Simpoziumu”nu misal göstərə bilərəm.
- Sizin Rumıniyada öyrəndiyiniz ixtisasın nə kimi özəlliyi var?
- Burada təhsil aldığım Mühasibatlığın İdarəedilməsi, Audit və Nəzarət ixtisası olduqca böyük perspektiv və özəlliklərə sahib bir ixtisasdır. Təhsil aldığım Babeş-Bolyai Universitetinin, İqtisadiyyatın və Biznesin idarəedilməsi fakültəsində mövcud olan ixtisaslar içərisində ən çətin və perspektivli ixtisas kimi hazırda 1-ci kurs magistr tələbəsi olduğum ixtisasdır. Bu ixtisasın özəlliklərindən biri burada nəzəri deyil, real praktik iqtisadi analizlər (case study) aparmaqla dərsi dərindən qavramağa və öyrənməyə yardımçı olur. Digər özəllik kimi onu qeyd edərdim ki, fakültəmizin ACCA, CIMA, CFA kimi beynəlxalq mühasibatlıq akkreditasiya təşkilatları ilə birgə fəaliyyət göstərməkdədir və buranı bitirən hər bir məzun bu imtahanların bir çoxundan azad olunur. Müəllimlərin hamısının bu sahədə yüksək ixtisaslaşmış olması da əlavə özəllik olaraq vurğulana bilər. Onlar, həmçinin BIG4 şirkətlərdə rəhbər vəzifə tutmuş və çalışmış təcrübəli insanlardır.
- Azərbaycanda bu sahə ilə bağlı tədris hansı səviyyədədir?
- Düzü, Azərbaycanda bu sahə ilə bağlı tədris uğurla davam edir deyərdim. Sadəcə, yuxarıda saydığım bəzi beynəlxalq əhəmiyyətli sertifikatların alınması bu ixtisası bitirən hər bir gənc üçün çox əhəmiyyətlidir. Xarici təcrübədən də faydalanmaqda hər zaman xeyir vardır, deyə düşünürəm. Çünki bu sahə durmadan inkişaf edir, yeni-yeni beynəlxalq mühasibatlıq proqramları tətbiq olunmaqdadır. Böyük şirkətlər tərəfindən və bunların müəyyən qisminin universitetdə praktik olaraq gənclərə öyrədilməsində fayda olardı.
- Yerli əhali ilə təmas yarada bilirsinizmi?
- Burada olduğum müddətdə yerli əhalinin dili, adət-ənənələri, mədəniyyəti ilə tanış olmaq fürsəti əldə etmişəm. Rumınlar qonaqpərvərliyi ilə seçilən bir xalq kimi mənə çox müsbət təsir göstərib. Yerli camaatla onların dilində danışmaq, onlarla rumın dilində ünsiyyət qurmaq mənə ayrı bir xoş təəssürat yaratmış olur. Onlar da bundan təsirlənirlər. Çünki rumın dili latın dil qrupuna aid olduğundan, bu dili bir o qədər də asan dil hesab etmək olmaz.
- Rumınlar başqa xalqların inteqrasiyası üçün nə dərəcədə açıq xalqdır?
- Onu deyə bilərəm ki, rumınlar hər nə qədər mühafizəkar xalq olaraq bilinsə də, bu tendensiyanı müasir gənclik dəyişməkdədir. Və artıq hər hansı bir millətdən bura ayaq basan insan burada o istiqanlılığı ilk anlardan hiss etməyə başlayır. Ona görə də deyərdim ki, topluma inteqrasiya Rumıniyada bir əcnəbi üçün heç vaxt çətin gəlməməlidir.
- Azərbaycan dövləti sizə nə kimi dəstək göstərir?
- Burada olduğum müddətdə Azərbaycan dövlətinin dəstəyini hər an hiss etmişəm və bu da mənə əlavə motivasiya verib. Xüsusilə vurğulamaq istərdim ki, SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəri, çox hörmətli Həmzə Kərimov mənə xüsusi diqqət ayıraraq həm mənəvi, həm də maddi yardımını əsirgəməyib. Mən deyərdim ki, nəinki tək mənə, burada təhsil alan bütün azərbaycanlı tələbələrə qarşı bu cür münasibət göstərilir. Bundan başqa, diasporumuz, Rumıniyadakı Azərbaycan səfirliyimiz də həmişə bizimlə maraqlanıb və dəstək olduqlarını bildiriblər. Ən son Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Buxarestdə təşkil olunmuş dəvətlilər sırasında mən də var idim. Bir sözlə, burada təhsil almağa başladığım ilk dövrdən indiyə kimi həmişə dövlətimizin təmsilinə, dövlətçilik ənənələrinə sadiq biri kimi, istər dilimiz olsun, istərsə də mədəni, iqtisadi cəhətdən hər zaman xarici tələbələrlə görüşlərimiz olduqda onları bu barədə məlumatlandırmağı özümə borc bilirəm.
- Rumıniyada diasporumuz istənilən səviyyədə formalaşıbmı?
- Diaspora fəaliyyəti hər bir dövlət üçün həmişə öndə duran məsələlərdən olmuşdur. Əlbəttə, hörmətli İqbal Hacıyevin rəhbərliyi ilə Azərbaycanın Rumıniyadakı diasporu inkişaf etməkdədir. Oxuduğum Cluj-Napoca şəhərində artıq bu ildən Azərbaycan dili mərkəzi də fəaliyyətə başlayıb. Azərbaycanın əlamətdar günlərində də diaspor gəncləri olaraq yığışıb bu günləri qeyd edirik və hamımızın ortaq bir niyyəti dövlətimizi layiqincə təmsil etmək, Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır. Sonda müsahibə üçün sizə və redaksiyanıza öz dərin minnətdarlığımı bildirirəm.
Fuad Hüseynzadə

Xəbər 539 dəfə oxundu.