Azərbaycan alimləri “Şəms Təbrizi” konfransında
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Təbriz Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən, hər iki qurum ildə iki dəfə Bakıda və Təbrizdə “Azərbaycan ədəbiyyatı klassiklərini birgə öyrənək” layihəsi çərçivəsində elmi konfranslar təşkil edir.
Ədəbiyyat İnstitutundan bildirilib ki, indiyədək Məhəmmədhüseyn Şəhriyarla bağlı Ədəbiyyat İnstitutunda, Saib Təbriziyə dair isə Təbriz Dövlət Universitetində müştərək elmi konfranslar keçirilib. Bu günlərdə Ədəbiyyat İnstitutu Təbriz Dövlət Universiteti ilə böyük Azərbaycan mütəfəkkiri və ədibi Saib Təbriziyə (1601-1677) həsr olunmuş birgə konfrans keçirməklə mövcud əməkdaşlıq layihəsinə daha bir səhifə əlavə edib. Konfrans çərçivəsində AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ilə Təbriz Dövlət Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi arasında keçirilmiş görüşdə qarşılıqlı elmi əməkdaşlığın perspektivləri müzakirə olunub.
Təbriz Dövlət Universitetində keçirilən “Şəms Təbrizi” konfransında İsa Həbibbəyli “İrfan ədəbiyyatının Şəmsi” mövzusunda etdiyi məruzəsində XIII-XIV əsrlər Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi Şəms Təbrizinin həyatı və yaradıcılığından danışıb. O, orta əsrlər ədəbiyyatı və fəlsəfəsinin ümumi mənzərəsinin müəyyən edilməsində böyük xidmətləri olan Şəms Təbrizinin çoxcəhətli fəaliyyətinin indiyədək az öyrənildiyini və bu istiqamətdə birgə araşdırmalara ehtiyac olduğunu bildirib.
Təbriz Dövlət Universitetinin professoru, doktor Mehdipur “Şəms Təbrizi - Mövlana baxışından”, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Saib Təbrizi və klassik ədəbi irs”, Təbriz Universitetindən doktor İqbali “Şəms Təbrizinin ürfana münasibəti”, doktor Xakpur “Şəms Təbrizinin baxışlarına bir baxış”, doktor Abadi “Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi”, Ədəbiyyat İnstitutunun təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Şəms Təbrizi polyak ədəbiyyatşünaslığında” mövzularında elmi məruzələrlə çıxış ediblər.
AMEA-nın nümayəndə heyətinə Şəms Təbrizinin “Məqalət” traktatı və Mövlana Cəlaləddin Ruminin “Saib Təbrizi divanı” kitabları hədiyyə olunub.
Eyni zamanda, AMEA-nın nümayəndə heyəti son illərdə İranın Xoy şəhərində tapılmış Saib Təbrizinin məzarını və orada yaradılmış xatirə kompleksini ziyarət ediblər.
Bu vaxtadək haqqında elmi tədqiqatların az olduğu nəzərə alınaraq “Şəms Təbrizi” konfransının materiallarının Təbriz Dövlət Universitetində kitab halında çap olunması qərara alınıb. Bundan başqa, 2019-cu ildə Nizami adına Ədəbiyyat İnstitutunda Əliağa Vahidə, Təbriz Dövlət Universitetində isə Nəsirəddin Tusinin ədəbi fəaliyyətinə həsr olunmuş birgə elmi konfransların keçirilməsi haqqında razılıq əldə edilib.

Nigar

Xəbər 89 dəfə oxundu.