“Azərbaycan xalqı pozucu qüvvələrə heç bir zaman meydan verməz”
“Gəncədə törədilən iğtişaş zamanı həlak olan polis zabitlərinə Tanrıdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirəm. Qəbirləri nurla dolsun. İğtişaşın Azərbaycan xalqının qədim mədəniyyət beşiklərindən biri, xalqımızın müsəlman Şərqində ilk olaraq qurduğu Cümhuriyyətimizin paytaxtı Gəncə şəhərində törədilməsi dərin təəssüf hissi doğurur. Çünki gəncəlilər daim müstəqil dövlətimizin və dövlətçiliyimizin yanında olub, heç bir zaman təxribatlara uymayıb.” Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib. Musa Qasımlı qeyd edib ki, iğtişaşın imanlı, inanclı adamlarla, əsl dindarlarla heç bir əlaqəsi yoxdur. Çünki ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət bütün dinlər üçün bərabər şərait yaradıb və onların işlərinə qarışmır: “Hadisəni törədənlər xaricdən maliyyələşən, idarə olunan, Azərbaycan Respublikasını Suriyaya çevirmək və dövlətimizin dünyəvi təməllərini sarsıdıb dini dövlət qurmaq istəyən radikal qruplaşmalardır. Hesab edirəm ki, belə cəhdlərin qarşısı dövlətimizin bütün qanunları ilə qətiyyətlə alınmalıdır. İctimai təhlükəsizliyi qoruyan polisə qaldırılan əl elə kəsilməlidir ki, digərlərinə də dərs olsun. İşğalçı Ermənistanın təcavüzünə qarşı mübarizədə rəşadət göstərmiş, həyatını dövlətə xidmətdə keçirən və daim dövlətimizə sədaqətli olan polisə necə əl qaldırmaq olar? Bunu edənin adı nədir? Soruşulur: Bu iğtişaş gözlənilən idimi? Hesab edirəm ki, bəli! Hələ bu il keçirilən prezident seçkiləri ərəfəsində mürəkkəb proseslərin getdiyinə dair fikirlər səsləndirilirdi. Radikal dini qruplaşmaların fəaliyyətinin artması və baş verən digər xoşagəlməz son hadisələrin hamısının bununla bağlı olduğu qənaətindəyəm. Fikrimcə, daha üç hadisə Azərbaycan dövlətçiliyinə qənim kəsilən radikal qüvvələri iğtişaş törətməyə vadar etdi: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə və xaricdə təntənəli qeyd edilməsi; Milli Ordumuzun möhtəşəm paradı; Naxçıvanda Günnüt əməliyyatı nəticəsində torpaqlarımızın azad edilməsi. Ancaq iğtişaş törətməyə can atanlar unudurlar ki, bu gün Azərbaycan dövləti çox güclüdür, bütün təxribatların qarşısını almağa qadirdir. Azərbaycan xalqı yüksək etimad göstərdiyi Prezident İlham Əliyevə güvənir və arxasındadır, pozucu qüvvələrə heç bir zaman meydan verməz. Millətimizin iradəsi hər şeydən üstündür”.

Xəbər 94 dəfə oxundu.