Tramp Almaniyaya savaş açıb: “Almaniya Rusiyanın girovudur”
ABŞ prezidenti: “Biz sizi Rusiyadan müdafiə etməliyik, amma siz Rusiyanın sandığına milyardlarla dollar verirsiniz. Almaniya onların girovudur. Rusiya Almaniyaya tam nəzarət edir”

“Onlar qaz kəməri tikirlər, məqsəd Rusiyaya milyardlarla dollar ödəməkdir. NATO bu məsələ ilə bağlı nəsə etməlidir, amma mən bilmirəm siz konkret nə edə bilərsiniz”


NATO zirvəsinə qatılmaq üçün Brüsseldə səfərdə olan ABŞ prezidenti Donald Tramp ittifaqın baş katibi Yens Stoltenberq ilə görüşdə Almaniyanı sərt tənqid edib. D.Tramp Moskva ilə birlikdə “Şimal axını-2” qaz kəməri layihəsini həyata keçirən Almaniyanı Rusiyanın girovu adlandırıb: “Çox kədərləndiricidir ki, Almaniya Rusiya ilə qaz anlaşması əldə edir. Biz Almaniyanı müdafiə edirik, Fransanı müdafiə edirik, lakin bəzi ölkələr Rusiya ilə qaz kəmərinin tikintisinə dair razılığa gəlir. Biz sizi Rusiyadan müdafiə etməliyik, amma siz Rusiyanın sandığına milyardlarla dollar verirsiniz. Almaniya onların girovudur. Biz buna diqqət etməliyik”. D.Tramp bildirib ki, Rusiya Almaniyaya tam nəzarət edir: “Yeni boru kəmərinin tikintisindən sonra təbii qazın 70 faizindən çoxu Rusiyadan gələcək”. ABŞ prezidenti Almaniyanın NATO-nun büdcəsinə, sadəcə, öz ÜDM-inin 1%-i həcmində vəsait ayırdığını söyləyib. O xatırladıb ki, “Şimal axını-2” şirkətinin Direktorlar Şurasının rəhbəri Almaniyanın keçmiş baş naziri Gerhard Şröderdir: “Siz mənə deyin, bu ədalətlidirmi? Axı bu, qəbuledilməzdir!”. Tramp Almaniyanın zəngin ölkə olduğunu və hərbi xərclərini dərhal artırmaq imkanına sahib olduğunu vurğulayıb. O qeyd edib ki, “Şimal axını-2” layihəsinin reallaşması ABŞ üçün qəbuledilməzdir. “Onlar qaz kəməri tikirlər, məqsəd Rusiyaya milyardlarla dollar ödəməkdir. NATO bu məsələ ilə bağlı nəsə etməlidir, amma mən bilmirəm siz konkret nə edə bilərsiniz” - deyə D.Tramp Y. Stoltenberqə müraciətlə söyləyib. Qeyd edək ki, “Şimal axını-2” layihəsi Baltik dənizi vasitəsilə Rusiyadan Almaniyaya 55 milyard kubmetr ötürücülük gücünə malik yeni qaz kəmərinin tikintisini nəzərdə tutur. Qeyd edək ki, Donald Tramp NATO sammitinə yollanarkən “Twitter” səhifəsində yazıb ki, NATO ölkələri ABŞ-ın müdafiə sahəsinə çəkdiyi xərcləri ödəməlidir: “NATO-ya üzv olan və bizim qoruyacağımız bir çox ölkə nəinki “2 faiz” öhdəliyini icra etmir, hətta vaxtilə ödənilməyən vəsaitləri uzun illərdir ödəmir. Onlar həmin vəsaitləri ABŞ-a ödəyəcəklər?”, - deyə D.Tramp qeyd edib. Qeyd edək ki, NATO ölkələri 2014-cü il tarixli Buxarest razılaşmasına əsasən, müdafiə xərclərini Ümumi Daxili Məhsulun (ÜDM) 2 faizi həcminədək çatdırılmasına dair üzərlərinə öhdəlik götürüb. D.Tramp dəfələrlə Alyans üzvlərindən həmin öhdəlikləri yerinə yetirməyi tələb edib. Əks halda, ABŞ-ın NATO ölkələrinin təhlükəsizliyinin təmin olunması üzrə ümumi proqramlardan çıxacağı ilə hədələyib.

Anar

Xəbər 88 dəfə oxundu.