Əhali yerli istehsal hesabına keyfiyyətli dərmanlarla təmin olunacaq
Səhiyyə Nazirliyində İran İslam Respublikasının səhiyyə və tibbi təhsil naziri Seyed Həsən Qazizadə Haşiminin başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi, həmçinin Azərbaycanda əczaçılıq sənayesi sahəsinin inkişaf etdirilməsi üçün İranın təcrübəsindən istifadə məsələləri müzakirə edilib. Səhiyyə naziri Oqtay Şirəliyev qeyd edib ki, dost və qardaş İran ilə bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq durmadan inkişaf edir. Vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsi sayəsində indi Azərbaycan-İran əlaqələri yüksək dərəcədə inkişaf edib. Nazir xatırladıb ki, 2016-cı ilin fevral ayında “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq barədə Qarşılıqlı Anlaşma Memorandumu” imzalanıb. 2014-cü ilin aprel ayında Azərbaycanın və İranın tibb universitetləri arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə memorandum imzalanıb. Həmin memoranduma uyğun olaraq iki ölkənin tibb universitetləri birgə treninqlər keçirir, tələbə və müəllim mübadiləsi, yoluxucu xəstəliklərin müalicəsi sahəsində tədqiqatlar aparırlar. O.Şirəliyev əczaçılıq sahəsində İranın təcrübəsini öyrənməyin vacibliyini də qeyd edib. Vurğulanıb ki, Bakıda əczaçılıq zavodunun təməlinin qoyulması Azərbaycan ilə İranın uğurlu əməkdaşlığına əyani sübutdur. Həmin zavod Azərbaycanda əczaçılıq sənayesinin inkişafında mühüm rol oynayacaq, yerli istehsal hesabına əhalinin keyfiyyətli dərman məhsulları ilə təmin olunmasına şərait yaradacaq, bu sahədə idxaldan asılılığı azaldacaq, ixrac potensialını artıracaq. İran İslam Respublikasının səhiyyə və tibbi təhsil naziri Seyed Həsən Qazizadə Haşimi görüşdən məmnun olduğunu bildirərək onun ölkəsində səhiyyənin və tibbi təhsilin inkişafı üçün həyata keçirilən tədbirlər, bu sahədə toplanmış təcrübə və qazanılmış uğurlar barədə məlumat verib, əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, İranda əczaçılıq sahəsi bu ölkənin dünya bazarlarında iştirak etməsi üçün böyük potensiala malik olan sahələrdən biridir. İranlı nazir qeyd edib ki, Azərbaycanın əczaçılıq sahəsində idxaldan asılılıqdan xilas olması üçün hər cür imkanı vardır və müştərək müəssisələr yaradılması Azərbaycanda dərman preparatlarının daxili istehsalını tənzimləmək üçün əla fürsətdir.

Xəbər 188 dəfə oxundu.