Türkiyə mediası V Zirvə toplantısından yazır
Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı dünya ölkələrinin mediasında işıqlandırılıb. Qonşu Türkiyənin KİV-ləri də bu Zirvə toplantısına geniş yer ayırıb.
“Hurriyet.com.tr” saytında “5 ölkə Xəzəri paylaşdı” adlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, Sovet İttifaqının dağılmasından sonra Xəzəryanı ölkələr, 20 ildən artıq davam edən müzakirələrdən sonra dənizin hüquqi statusu ilə bağlı qərar qəbul edib. Aktauda təşkil olunan mərasimdə Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstanın dövlət başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Qeyd edək ki, sənədlər neft və təbii qazla zəngin olan Xəzər dənizi sahilində yerləşən 5 ölkənin dövlət başçıları, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov və İran Prezidenti Həsən Ruhani tərəfindən imzalanıb.
“Haberler.com” saytında isə “5 Xəzər ölkəsinin dövlət başçılarının Zirvə görüşü” adlı yazıda qeyd edilir ki, iqtisadiyyat, nəqliyyat, ətraf mühit, təhlükəsizlik və digər sahələrdəki işbirliyinin müzakirə edildiyi görüşdə Xəzərin hüquqi statusunu müəyyənləşdirən sənəd imzalanıb. Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb. Qazaxıstan Prezidenti N.Nazarbayev Zirvə toplantısında çıxışında bəzi mütəxəssislərin Xəzərin hüquqi statusunun müəyyənləşməsi müddətinə şübhəylə yanaşdıqlarını xatırladıb və qeyd edib ki, “Bu gün dünyanın gözü qarşısında Akrauda birgə işbirliyi nəticəsində qarşılıqlı anlaşma əldə etməyi bacardıq”. Xəzərin statusu ilə bağlı ortaq fikrə gəlməyin asan olmadığını, müzakirələrin 20 ildən çox davam etdiyini qeyd edən Nazarbayev Xəzərin dostluq, qarşılıqlı təhlükəsizlik və işbirliyi dənizinə çevrildiyini deyib.
Rusiya Prezidenti V.Putin isə razılaşmanın Xəzər dənizinin kollektiv istifadəsi üçün müəyyən qaydalar müəyyənləşdirdiyini vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır.
Türkmənistan Prezidenti Q.Berdıməhəmmədov Xəzəryanı dövlətlərin qeyri-qanuni hərəkətlərə qarşı sıx əlaqələndirilmiş səylərinin regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm amil olduğunu və təhlükəsizlik sahəsində imzalanan protokolların ölkələr arasında etibarı artıracağına diqqət çəkib: “Xəzər dənizi axıradək sülh, yaxşı qonşuluq, qarşılıqlı anlayış və təhlükəsizlik bölgəsi olmalıdır”.
İran Prezidenti Həsən Ruhani də razılaşmanın imzalanmasını sahilyanı ölkələr arasındakı işbirliyini artırma yolunda əhəmiyyətli bir addım kimi qiymətləndirib.
“Ahaber.com.tr” saytında “Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında "Xəzər sazişi" imzalandı” başlıqlı yazı dərc edilib.
“Cnnturk.com” saytında yerləşdirilən yazı isə “Xəzər dənizi razılaşması imzalandı” adlanır. Zirvə toplantısından bəhs edən yazıda qeyd edilir ki, Xəzərdə iqtisadiyyat, nəqliyyat, ətraf mühit, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq müzakirə olunub, ötən ilin dekabrında Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin yığıncağında razılaşdırılmış Xəzərin hüquqi vəziyyəti barədə razılığa imza atılıb.
“A24.com.tr” saytındakı “Xəzər dənizi razılaşması 5 ölkə arasında imzalandı” adlı yazıda göstərilir ki, Xəzər dənizi və onun altındakı sərvətlərin bu dənizin sahilləri olan Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan tərəfindən istifadəsi üçün razılaşma imzalanıb. 20 ildən artıq davam edən danışıqlar başa çatıb. Enerji dənizini 5 ölkə paylaşacaq.
Nigar Abdullayeva

Xəbər 339 dəfə oxundu.