Şahmat üzrə muxtar respublika birinciliyinə start verilib
Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda muxtar respublika birinciliyinə start verilib. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyasının birgə təşkil etdiyi birincilikdə şəhər və rayonların, ümumilikdə, 8 komandası mübarizə aparır. Birinciliyin reqlamentinə əsasən hər komandanın heyətində 4 oğlan və 2 qız şahmatçı iştirak edir. Oğlanlar 8, 10, 12 və 14 yaş, qızlar isə 10 və 14 yaş qruplarında ağ-qara taxtada kimin güclü olduğunu nümayiş etdirməyə çalışırlar. Xal hesablamalarına gəlincə, hər qələbəyə 2, heç-heçəyə isə 1 xal veriləcək. Sonda hər hansı komandanın xal hesabları bərabər olarsa, o zaman fərdi yarışlarda qazanılan xallar hesablanacaq. Qeyd edək ki, birinciliyə oktyabrın 12-də yekun vurulacaq və qalib komandalar federasiya tərəfindən diplom və kubokla mükafatlandırılacaq.

Xəbər 161 dəfə oxundu.