“Erməni lobbisinin yalanları qarşısında iki ölkə diasporu birgə hərəkət etməlidir”
TÜRKSAM-ın baş katibi Gencehan Babiş Türkiyə Böyük Millət Məclisinin spikeri Binali Yıldırımın 1915-ci il hadisələri və Qarabağın işğalı ilə bağlı dediyi sözləri dəyərləndirib. Babiş deyib ki, iki ölkə arasında olan münasibətlər qardaşlıqdan da artıqdır. “TBMM başqanı Binali Yıldırım 1915-ci il hadisələri və Qarabağın işğalı barədə Ermənistanın təmsilçisinə verdiyi reaksiya ilə vicdanın və ədalətin səsi olduğunu göstərdi.
Türkiyə və Azərbaycan arasındakı əlaqələrə tarix, dil, etnik kök istiqamətlərindən baxıldığında bu ölkələrin “əkiz qardaş” olduğunu görməkdəyik. Bunlarla yanaşı, iki dövlət, eyni zamanda iqtisadiyyat, enerji, nəqliyyat sahələrində dünya səviyyəsində səs salan layihələrlə strateji əməkdaş olduqlarını sübut edib. Bu layihələrin hamısında işğalçı siyasəti ilə əlaqədar Ermənistan təcrid olunub və yoxsulluq içərisində sürünür. Bütün bunları bir arada dəyərləndirdiyimizə, qarşımıza dəqiq şəkildə xarakterizə edən “bir millət iki dövlət” ifadəsi çıxmaqdadır. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev tərəfindən dilə gətirilən bu anlayış hələ də keçərliliyini qorumaqda və iki ölkə əlaqələrinin gələcək perspektivi təşkil etməkdədir. Bununla yanaşı, qısa müddət sonra Star Neft Emalı zavodunun açılışı gerçəkləşdiriləcək, ortaq hərbi təlimlər davam edir. Dünyada bir çox ölkə arasındakı münasibətləri analiz etdik və gördük ki, bu əlaqələrin dünyada bənzəri yoxdur”.
G.Babişin sözlərinə görə, iki ölkə arasında ortaq bir diaspor şərtdir: “Hər keçən gün dünyanın fərqli yerlərində erməni diasporunun qondarma soyqırımı və işğal altında olan Qarabağ mövzusunda Türkiyə və Azərbaycana qarşı inkişaf etdirdiyi siyasətinə şahid oluruq. Bu vəziyyət, bir tərəfdən kimlik və ortaq proyektlərlə birlikdə günümüzdə ortaq bir diaspor anlayışının ortaya çıxmasının vacibliyini gündəmə gətirir. Erməni lobbisinin yalan iddiaları qarşısında iki ölkə diasporları birgə hərəkət etdiyi təqdirdə, bu həm Türkiyənin, həm də Azərbaycanın işini rahatlaşdıracaq”.
Baş katibin sözlərinə görə, bir millətin iki diasporu olmaz: “Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə parlamentində son çıxışında diaspor təşkilatlarının işlərinə böyük önəm verdiyini vurğulamışdı. Türkiyə və Azərbaycanın diaspor işlərinin birlikdə reallaşması ilə bağlı sözləri “bir millətin iki diasporu olmaz” anlayışını ön plana çıxarıb. Bunun üçün reallaşdırılması lazım olan məsələ ən başında iki ölkə diasporunun ilk olaraq öz içlərində təşkilatlanmasıdır. Bu çərçivədə, bir tərəfdən Qeyri-Hökumət Təşkilatları təşviq edilərkən, o biri yandan da Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən konkret addımlar atılmağa başlanılıb. Xüsusilə Fuad Muradovun komitəni sədri təyin olunmasından sonra İlham Əliyev tərəfindən müəyyənləşdirilən prinsiplər istiqamətində bir çox müsbət işə imza atılıb. Fuad Muradovun ilk ziyarətini Türkiyəyə gerçəkləşdirməsi, Türkiyədə fərqli şəhərləri gəzərək diaspor təmsilçiləri ilə bir araya gəlməsi və onların problem və təkliflərini dinləməsi Türkiyədə çox bəyənilib. Son günlərdə komitə rəsmilərinin və səfirlik nümayəndələrinin Türkiyədəki azərbaycanlıların qeydiyyata alınması ilə bağlı işləri uzun zamandır problem yaşayan azərbaycanlıları sevindirib. Bunlarla yanaşı, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin səyləri nəticəsində Almaniya, Fransa və İsveçrədə qurulan Koordinasiya şuraları işlərə fərqli baxış qazandırdı. Şuraların quruluşundan ortaq fikrin burada hakim olacağı anlaşılmaqdadır, hər təşkilatın burda təmsil edilməsi bərabərlik təməlində bir quruluşun olduğunu göstərir”.
Gencehan Babiş deyib ki, birlikdən qüvvət doğar: “Türkiyədə yaşayan Azərbaycan əsilli insanların sayı təxminən 3 milyondur, amma biz çalışmalıyıq ki, 80 milyonluq Türkiyənin hamısı Azərbaycanın dostu və təbii müttəfiqi olsun. Bizim hər zaman dediyimiz bir şey var: birlikdən qüvvət doğar. Türkiyədə belə bir şuranın qurulması Azərbaycanın səsinin daha güclü çıxacağını şərtləndirər. Prezidentlərimiz arasında mükəmməl bir dostluq, dövlət qurumlarımız arasında çox yaxşı bir uyğunluq və iki ölkə cəmiyyəti arasında dərin bir sevgi var. Bir də bunlara professional və əhatəedici bir şura əlavə olunarsa, diaspor fəaliyyətləri baxımından çox böyük iş bacarmış olacağıq. Koordinasiya üzərinə qurulmuş bir anlayış bütün azərbaycanlıları bir araya toplayacaq, diaspor təşkilatları bir uyğunlaşma təmin edəcək. Gənclik və eyni zamanda professionallıq üzərinə qurulacaq bu yeni təşkilatla həm Türkiyə-Azərbaycan qardaşlığı möhkəmlənəcək, həm də Türkiyədə yaşayan azərbaycanlıları təhsil, iş və sosial sahələrdə problemlərin daha sürətli həll olmasına təsir edəcək”.

Fuad Hüseynzadə


Xəbər 95 dəfə oxundu.