İsveçrəli alim Aİİ-ni ziyarət edib
İsveçrənin Friburq Universitetinin İctimai elmlər və dinlərin tədqiqi şöbəsinin Baş müəllimi, dosent Ansqar Jodik Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.
Aİİ-nin rektoru Ceyhun Məmmədov qonağı qəbul edərək, Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu ənənəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir.
C.Məmmədov Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında qonağa məlumat verib. Bildirilib ki, İnstitutun əsas vəzifəsi Azərbaycanda yüksək dini biliklərə, zəngin dünyagörüşə malik mütəxəssislərin hazırlanmasıdır. Aİİ-nin beynəlxalq əlaqələrə xüsusi önəm verdiyini vurğulayan rektor xarici ölkə, o cümlədən qabaqcıl Avropa universitetləri ilə əlaqələrin qurulmasında İnstitutun maraqlı olduğunu qeyd edib.
İsveçrənin Friburq Universitetinin İctimai elmlər və dinlərin tədqiqi şöbəsinin Baş müəllimi, dosent Ansqar Jodik Qafqazda belə bir İnstitutun yaradılmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq, məmnunluğunu ifadə edib.
Tədqiqat sahəsi Qafqazda dinlərin araşdırılması olan A.Jodikin Azərbaycanda mövcud olan dini mühitə dair sualları görüş zamanı cavablandırılıb, habelə qonağa ölkəmizdəki dövlət-din münasibətləri, multikulturalizm, tolerantlıq haqqında geniş məlumat verilib. İnstitutun fəaliyyətini yüksək qiymətləndirən isveçrəli alim Aİİ ilə əməkdaşlıqda maraqlı olduğunu, təmsil etdiyi Friburq Universiteti ilə birgə beynəlxalq konfransların, seminarların təşkili və tədqiqatların aparılmasının mümkünlüyünü qeyd edib.
Təhsil müəssisəsiləri arasında elmi-mədəni əlaqələrin qurulması və bu məqsədlə, Ansqar Jodikin Aİİ-də seminar verməsi qərara alınıb.

Tural

Xəbər 103 dəfə oxundu.