“Qətnamə kağız parçasından başqa bir şey deyil”
“Erməni mətbuatında ABŞ-ın Los-Anceles Şəhər Şurasının qondarma “Artsaxın müstəqillik hərəkatı”nın 30 illiyi ilə əlaqədar qətnamə qəbul olunması ilə bağlı məlumatlar şişirdilərək ictimaiyyətə yanlış formada çatdırılır. Çünki sözügedən “qətnamə” Los-Anceles Şəhər Şurasının üzləri tərəfindən imzalanmayıb”. Bu fikirləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva bildirib. Leyla Abdullayeva qeyd edib ki, bu, Şuranın yalnız bir erməni əsilli üzvü olan Pol Qriqoryan tərəfindən qəbul olunan fərdi qərardır. Fərdi qətnamə Şəhər Şurasında müzakirəyə çıxarılmır və səsverməyə qoyulmur. Yəni, bu, fərdi təşəbbüslə irəli sürülmüş bir “qərar”dır və həmin “sənəd” hər hansı hüquqi qüvvəyə malik deyil. Bu, bir erməni əsilli üzv tərəfindən irəli sürülən kağız parçasından başqa bir şey deyil. Azərbaycanın son vaxtlar beynəlxalq miqyasda qazandığı uğurlardan danışan Leyla Abdullayeva bildirib ki, Belçikanın Xarici İşlər Nazirliyi bu yaxınlarda açıqlama ilə çıxış edərək Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ərazisi olduğunu bildirib: “Bir müddət əvvəl Almaniya da eyni mövqeyi sərgiləyib. Belə ki, bu ölkənin Bundestaqı Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. Bu ilin iyul ayında Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Bu sənədlə Avropa İttifaqı Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına sadiq qaldığını bir daha bəyan edib. Digər tərəfdən, ABŞ rəsmilərinin səsləndirdikləri son bəyanatlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında həllinə dəstək ifadə olunub”. L.Abdullayeva qeyd edib ki, səsləndirilən bütün bəyanatlar, imzalanan sənədlər ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqeyə beynəlxalq ictimaiyyətin artan dəstəyinin bariz nümunəsidir. Əlbəttə ki, bunlar, ilk növbədə, Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən xarici siyasətin uğurlarıdır.

Xəbər 108 dəfə oxundu.