Viqen Akobyan: “İrana qarşı tətbiq edilən sanksiyalar Ermənistan üçün çətinliklər törədəcək”
Bu gün Ermənistanda, bu ölkənin siyasi elitasında «ABŞ-ın İranı təcrid etmək cəhdləri Ermənistana necə təsir edəcək» sualı əsas mövzu olaraq qalmaqdadır. İrana qarşı tətbiq edilmiş ABŞ sanksiyaları Ermənistana nə vəd edir? Erməni ekspertləri bu barədə nə düşünürlər?
«Sputnik Armeniya» yazır: "ABŞ İranla əməkdaşlıq edən bütün ölkə və şirkətlərin sanksiyalar altına düşəcəyini bəyan edib. Təbii ki, artıq Avropa şirkətlərinin əksəriyyəti Tehranla əməkdaşlığa xitam verməyə başlayıblar. Qeyd edilməlidir ki, İrana qarşı ABŞ sanksiyalarının qüvvəyə mindiyi yeni paketdə bu ölkənin "Mellat" bankının İrəvandakı filialının da adı var. Amma İrəvanın bundan əvvəlki sanksiyalar zamanı da Tehranla işləmək təcrübəsinə malikdir. «Sputnik Armeniya» saytına "Mellat" bankının İrəvandakı filialının iki ölkə arasındakı əməkdaşlıqda o qədər də mühüm bir rol oynamadığını bildirən erməni ekspert Artem Tonoyan «amma, buna baxmayaraq, burada müəyyən bir mesaj»ın nəzərə çarpdığını istisna etmir: «…Bu gün Ermənistanın nə Qərb, nə də Şərqdən dünya bazarına heç bir çıxışının olmadığını nəzərə alsaq, bu halda, İranın ölkəmiz, onun sosial-iqtisadi həyatı üçün nə qədər böyük bir önəm kəsb etdiyini başa düşə bilərik. Xatırladaq ki, Azərbaycanla Naxçıvan arasındakı torpaq əlaqəsi də İran vasitəsilə təmin edilib. Bununla yanaşı, Tehran şimal bölgələrinə mavi yanacaq tədarükü müqabilində Naxçıvanı qazla təchiz edib».

Ermənistanı nə gözləyir?
Vaşinqtonun İrana qarşı sərt mesajına və ABŞ prezidentinin müşaviri Con Boltonun İrəvandakı şərhlərinə diqqət çəkən erməni ekspertin fikrincə, Birləşmiş Ştatların İrana qarşı sərt siyasətinin arxasında Cənubi Qafqaz ölkələrini öz məqsədləri üçün istifadə etməyə çalışmaq durur. «…Məhz bunları nəzərə alaraq, Ermənistan bütün çətinliklərə və müxtəlif ssenarilərə cavab verməyə hazır olmalıdır»,- deyə bildirir.
Digər erməni ekspert Viqen Akobyan isə İrana qarşı tətbiq edilən sanksiyaların Ermənistan üçün çətinlik törədəcəyini bildirsə də, «…amma bəzi təmas və kölgə danışıqlarının davam etdirilməsinin istisna olunmayacağını» deyir. Buna baxmayaraq, Ermənistanın Boltonun İrəvanda səsləndirdiyi bəyanatları konkret şəkildə, praktikada nə dərəcədə həyata keçirəcəyi aydın deyil: «Amerikalılar praqmatik xalqdır, onlar başa düşürlər ki, əgər həddindən artıq reaksiya göstərsələr, erməni cəmiyyətindəki əhval dəyişə bilər. Hazırda Amerika Birləşmiş Ştatları Ermənistanı ölkəsində böyük bir erməni icması olan dost ölkə olaraq qəbul edir».
Erməni ekspert hazırkı ABŞ rəhbərliyinin Ermənistana qarşı mövqeyini dəyişdirməsinə heç bir səbəb görmür: «Buna baxmayaraq, erməni diplomatiyasının Vaşinqtonla bu məsələ ilə bağlı razılığa gələ biləcəyi çox vacibdir. Düşünürəm ki, bu istiqamətdə fəallıq göstərmək lazımdır. Diplomatiyada belə fəaliyyət, lobbiçilik və diasporla işləmək ABŞ-ın mövqeyinə təsir göstərə bilər».
Viqen Akobyanın fikrincə, hadisələrin inkişafını passiv olaraq gözləmək və ya sonradan reaksiya vermək düzgün deyil. Xüsusilə aktiv fəaliyyət Azərbaycan rəhbərliyinin Tramp administrasiyasına artan təsiri şəraitində Ermənistan üçün çox vacibdir.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı son -5 noyabrda qüvvəyə minən sanksiyası bu ölkənin neft ixracına mühüm təsir edəcək. ABŞ Dövlət katibi Mike Pompeo son sanksiyalar Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə üçün müvəqqəti istisna xarakteri daşısa da, digər ölkələrə şamil edildiyini bildirib.

Ağasəf Babayev


Xəbər 109 dəfə oxundu.