Dünyada taxıl məhsullarının artımı gözlənilir
FAO, dünya miqyasında taxıl məhsullarından istifadənin 0,2 faiz artaraq 2 milyard 653 milyon tona çatacağını təxmin edir
Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyətə malik olan taxılçılıq kənd təsərrüfatı sektorunun əsas sahələrindən birini təşkil edir.

Qlobal taxıl məhsulları ehtiyatının 2019-cu ildə 762 milyon tona çatacağı proqnozlaşdırılır
FAO 2018-ci il qlobal taxıl məhsulları istehsal proqnozunu yüksəldərək 2 milyard 601 milyon ton olaraq dəyərləndirib. Bu dəyişikliyin əsas səbəbi, Kanada və Çin buğda istehsalı təxminlərinin artmasıdır. FAO-nun yeni yayımlanan Taxıl Məhsulları Tələb və Təklif Hesabatına görə, qlobal düyü məhsulları bu il 513 milyon tona çataraq keçən ilin tarixi yüksəklikdəki səviyyəsindən 1,3 faiz çox reallaşacaq.
2018-ci il qlobal buğda istehsalına dair gündəlik təxminlər məhsulun keçənildəkindən 4,3 faiz az, təxminən 728 milyon ton olacağını nəzərdə tutur. Şimal yarımkürəsində 2019-cu ildə toplanacaq qışlıq buğda toxumlarının əkilməsi başlandığı zaman, qiymətlərin, ümumiyyətlə, gəlir gətirən səviyyələrdə olması nəticəsində Avropa Birliyi, Amerika Birləşmiş Ştatları və Hindistandakı əkinlərin artacağı gözlənilir.
Dünyanın iri dənli məhsulunun 1 milyard 360 milyon ton olacağı nəzərdə tutulur ki, bu rəqəm 2017-ci ilə nisbətdə 2,2 faiz azalma deməkdir. Digər tərəfdən Cənub yarımkürəsi ölkələrində başlamaqda olan iri dənli bitkilərin əkininə dair ilk müşahidələr Cənubi Amerikadakı qarğıdalı əkin sahələrinin artacağını göstərir.
FAO, dünya miqyasında taxıl məhsullarından istifadənin 0,2 faiz artaraq 2 milyard 653 milyon tona çatacağını təxmin edir. Bu artım, başda Çin və ABŞ-da olmaqla, qarğıdalının sənaye və yem məqsədli istifadəsinin çoxalması ilə əlaqələndirilir. Buğdanın ərzaq məqsədilə istifadəsinin 1 faiz artacağı gözlənir, düyüdə isə bu nisbət 1,1 faiz olacaq.
Qlobal taxıl məhsulları ehtiyatının 2019-cu ildə mövsümün sonunda 762 milyon tona çatacağı proqnozlaşdırılır. Bu rəqəm rekord səviyyədən təxminən 6,5 faiz azdır. Buğda ehtiyatlarının 4,5 faiz azalması gözləndiyi halda, böyük ixracatçı ölkələrin isə inventardan istifadədə problem yaşayacağı gözlənilir. Qlobal düyü ehtiyatlarının 2,6 faiz nisbətində artacağı və 176,6 milyon ton səviyyəsinə çatacağı təxmin edilir.
Beynəlxalq taxıl məhsulları ticarətinin, 2017-2018-ci il rekord yüksəklikdəki səviyyəsinin 1,1 faiz az reallaşması gözlənilərkən, həm buğda, həm də düyü ticarətində daralma nəzərdə tutulur. Qlobal iri dənli ticarət həcminin təxminən 195 milyon ton səviyyəsində, əvvəlki ilin rekord yüksəklikdəki rəqəminə yaxın səviyyədə olacağı etibarlılığını qoruyarkən, qarğıdalı ticarətində artım gözlənilir.
Qeyd edək ki, FAO ərzaq məhsullarının oktyabr ayının qiymət indeksini də açıqlayıb. FAO taxıl məhsullarının qiymət indeksinə görə, ABŞ-da qarğıdalı kvotası tendensiya nəticəsində sentyabr ayı ilə müqayisədə 1,3 faiz artım göstərib və əvvəlki geriləmə tendensiyası başa çatıb. Düyü qiymətləri isə məzənnənin yapon düyüsü qiymətlərinə təsirindən zəifləyib.

Ölkəmizdə taxılçılığa maraq artır
Ölkəmizdə dənli bitkilərin inkişafı məqsədilə bölgələrdə taxıl məhsullarının əkini daha da genişləndirilir. Hazırda yerlərdə səpin davam etdirilir. Saatlıda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda məhsul istehsalı ilbəil artır.
Rayon Statistika İdarəsinin məlumatına görə, saatlılı taxılçıları ötən ilin payızında 22 min 350 hektar sahələrdə taxıl əkiblər. Bunun da 3 min 436 hektarını arpa, 18 min 114 hektarını isə buğda sahələri təşkil edib. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 11 min 991, buğda zəmilərindən isə 79 min 643 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən, ümumilikdə, 91 min 635 ton taxıl götürərək, hər hektarın məhsuldarlığını 41 sentnerə çatdırıblar.
Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 5 min 371 hektar sahədə səpin aparıblar ki, bunun da 2 min 130 hektarı buğda, 3241 hektarı arpadır. Sahibkarlar səpin zamanı daha çox rayonlaşdırılmış məhsuldar sortlara üstünlük verirlər. Əkinçilər gün ərzində 200-250 hektar sahəyə toxum səpirlər. Qeyd edək ki, saatlılı taxılçılar bu il 22 min hektardan çox sahədə payızlıq taxıl əkməyi planlaşdırırlar.
Zaqatala rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün 11 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda taxıl səpini mütəşəkkil qaydada davam etdirilir. Fermerlər bu günədək 6,3 min hektar sahəyə arpa və buğda səpiblər. Payızlıq dənlilərin səpini üçün indiyədək təsərrüfatlarda 8 min hektardan çox sahədə şum aparılıb və bu iş davam etdirilir. Taxıl səpininə 260 ədəd traktor, 122 kotan, 36 ədəd taxılsəpən aqreqat cəlb olunub.
Neftçalada gələn ilin məhsulu üçün payızlıq taxıl səpini davam edir. Cari ildə zəmilərdən 121 min 316 ton taxıl yığan əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar.
Rayon Statistika İdarəsinin məlumatına görə, bu məqsədlə 40 min 116 hektar sahədə keyfiyyətli şum aparılıb, sahələrə gübrələr verilib. Fermerlər yüksək reproduksiyalı toxum sortları ilə təmin olunublar. Səpin kampaniyasının vaxtında başa çatdırılması üçün sahələrə kifayət qədər səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlər çıxarılıb. Əkinə mütəşəkkil başlayan fermerlə qısa müddətdə 22 min 497 hektar sahəyə toxum səpiblər ki, bunun da 20 min 869 hektarını arpa, 1628 hektarını buğda təşkil edir. Əkinçilər hər gün 350-400 hektar sahədə səpin aparırlar.
Şamaxı taxılçıları payızlıq əkin kampaniyasını sürətlə davam etdirirlər və artıq 25 min 694 hektarda səpin aparılıb. Əkin aparılan sahələrin 15 min 714 hektarı buğda, 9980 hektarı arpadır. Bölgənin bütün ərazilərində, o cümlədən daha çox taxıl əkilən Sabir, Şəhriyar qəsəbə, Qızmeydan, Göylər kənd ərazi dairələrində, “Aqro Dairy” MMC-nin aqroparkında bütün qüvvələr bu mühüm kampaniyanın tez və keyfiyyətlə başa çatdırılmasına səfərbər edilib. Əkin kampaniyasına kifayət qədər texnika cəlb olunub. Qeyd edək ki, Şamaxıda gələn ilin məhsulu üçün 41 min hektardan çox sahədə payızlıq taxıl əkiləcəyi gözlənilir.
Nigar Abdullayeva

Xəbər 112 dəfə oxundu.