Xocalı tarixi və mədəniyyəti
Xocalı qədim memarlıq və mədəniyyət abidələri ilə zəngin, tarixi Azərbaycan torpağıdır. Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri ilə zəngindir.
Buna misal olaraq e. ə. XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və İlk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və başqa abidələri göstərmək olar. Bu mədəniyyət abidələri arasında Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrü mədəniyyətinə aid Xocalı kurqanlarının ayrıca yeri var. Özünəməxsus xarakterik xüsusiyyətləri olan mədəniyyət abidələri ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkar olunduğuna görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində e. ə. 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti Son Tunc və Erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Aparılan toponomik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş, bu gününədək olan məşğuliyyəti Xocalı toponomiyasında da öz əksini tapmışdır.
Xocalı-Gədəbəy mədəniyyəti Mərkəzi və Cənubi Qafqazın böyük bir qismində geniş yayılmışdır. XX əsrin 90-cı illərində aparılan araşdırmalar zamanı bu mədəniyyətin Naxçıvan ərazisində də yayıldığı müəyyən edilmişdir.
Xocalı-Gədəbəy mədəniyyətinin tədqiq olunmasında tarixçi alimlərdən İdeal Nərimanov, Təvəkkül Əliyev, Vəli Baxşəliyev, Hidayət Cəfərov və başqalarının böyük rolu olub. Aparılan qazıntılar nəticəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid 150-yə qədər abidə aşkar olunub. Bunlardan başqa, onu da qeyd etmək lazımdır ki, yabançı sərvət düşkünləri XIX əsrdə 350-yə yaxın abidəni dağıtmışlar. Tədqiqatçı T.Əliyev deyir: “Bu dövr abidələrinin xarakterinə diqqət yetirsək görürük ki, onlar daha çox yaşayış yerləri, qəbirlərdir. Yaşayış yerləri daimi və müvəqqəti olmaqla iki yerə bölünür. Azərbaycanın qərbində Gədəbəy, Tovuz, Daşkəsən, Qarabağın bir çox hissəsində, Qubadlıda, Laçında və digər bölgələrdə bu mədəniyyətə aid xeyli sayda maraqlı maddi-mədəniyyət nümunələri aşkarlanıb. Eradan əvvəl II minilliyin sonu I minilliyin əvvəllərində Azərbaycanda bu qədər abidənin inşa olunması maraqlı tarixi faktdır. Bizim araşdırmalar onu göstərdi ki, bu abidələrə sərf olunan əmək Misir ehramlarına sərf olunan əməkdən geri qalmır. Onların bir qismi Naxçıvan Muxtar Respublikası ərazisində (Oğlanqala, Govuqala və s.) yerləşir. Abidələrin tikintisində istifadə olunan daşların ağırlığı 3-5 tondur”.
Ermənilərin törətdikləri soyqırım nəticəsində Xocalıda yer üzündən silinən maddi-mədəniyyət nümunələrinin, tarixi abidələrin siyahısına nəzər salanda bir daha düşmənin məkrli, çirkin siyasətinin şahidi oluruq. Bunu dünyanın sivil xalqlarının diqqətinə çatdırmaq bizim borcumuzdur. Adları mədəniyyət tariximizin səhifələrinə yazılan və Xocalıda ermənilər tərəfindən məhv edilən maddi-mədəniyyət nümunələrimiz bunlardır: daş qutu nekropolu - Tunc dövrü (Xocalı şəhəri Əsgəran dağı), nekropol - İlk Tunc və Orta Tunc dövrü (Xankəndidən cənubda), Xocalı kurqanları - İlk tunc və Dəmir dövrü, küp qəbirləri nekropolu - İlk orta əsrlər (Xankəndinin ərazisində), kurqan - Dəmir dövrü (Xankəndi yaxınlığında), Xankəndi kurqanları - Tunc dövrü (Xankəndidən şimalda), Xaçınçay nekropolu - İlk tunc və Orta Tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə), küp qəbirləri nekropolu - Tunc dövrü (Armudlu kəndindən 2 km İlis kəndinə tərəf), kurqan - Tunc dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində), daş qutu nekropolu - Dəmir dövrü (Armudlu kəndinin qəbiristanlığı yaxınlığında), köhnə qəbiristanlıq - Tunc dövrü (Çanaqçı kəndi), daş qutu nekropolu - Dəmir dövrü (Saruşen kəndi), daş qutu nekropolu - Dəmir dövrü (Saruşen kəndi, dağın ətəyində), alban məbədi - 905-ci il (Şuşa kəndi), dairəvi məbəd (1356-1357-ci illər, Xocalı şəhərində), türbə - XlV əsr (Xocalı şəhəri), alban məbədi - 1100-cü il (Çanaxçı kəndi), alban məbədi - 1065-ci il (Çanaxçı kəndi), alban məbədi - 1122-ci il (Xansıx kəndi), alban məbədi - 1100-cü il (Xaçmaz kəndi), alban məbədi - 1202-ci il (Armudlu kəndi), Qala - X əsr (Maşxmat kəndi), Qırxlar qalası - Orta əsrlər (Badara kəndi), Məbəd kompleksi - VII əsr (Badara kəndi), Qala - IX əsr (Daşbaşı kəndi), Əsgəran qalası - XVIII əsr (Əsgəran qəsəbəsi), Məbəd - XIII əsr (Xanabad kəndi).
Tarixi mənbələr və araşdırmalar göstərir ki, Xocalı qədim Azərbaycan torpağıdır. Erməni vandalları Xocalıda soyqırım törətməklə yanaşı, çoxlu tarixi abidələrimizi məhv edib,yaxud da tarixin yaşıdları olan abidələrimizi tamamilə saxtalaşdırıb, dünyaya erməni abidələri kimi təqdim edirlər.
Şəmşad Şəkərli
ADPU, Tarix-coğrafiya fakültəsi,V kurs tələbəsi

Xəbər 589 dəfə oxundu.