Paşinyanın xarici siyasət konsepsiyası yoxdur
Ayk Martirosyan:” Rusiyanı qəzəbləndirəcək addımlar atılmamalıdır”

Ermənilərin «1in.am» saytına danışan erməni politoloq Ayk Martirosyan bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın ən böyük problemi kimi, onun xarici sahədə ciddi mütəxəssislərə malik olmamasını göstərir. Onun fikrincə, bu gün ölkəsinin mövqeyi zəifləməsə də, lakin bunun gələcəkdə necə, hansı itiqamətdə inkişaf edəcəyini təsəvvür etmək çətindir.
Martirosyana görə, yeni hakimiyyət Qarabağ məsələsində problemli addımlar atmaqdan əvvəl, davranışını dərindən düşünməlidir:” Amma mənim üçün, Paşinyanın bütün atdığı addımlarla bağlı, əvvəlki hakimiyyət nümayəndələri tərəfindən tənqid edilməsi anlaşılmaz olaraq qalmaqdadır. Çünki yeni hakimiyyəti bütün məsələlərlə yanaşı, xəyanətdə ittiham etmək doğru deyil. İnkar etmirəm, hələ ki, Paşinyanın hərəkətlərində hansısa bir səhvi görmək olar. Lakin bu səhvləri xəyanət kimi qələmə vermək doğru deyil”.

“Rəsmi İrəvan artıq Moskva ilə yeddi dəfə yüksəksəviyyəli görüş keçirib. Lakin hələ də elə bir nəticə əldə edilməyib”

Ermənistanın Avrasiya İqtisadi Birliyinə sədr seçilməsini, bu strukturun ölkəsi üçün hələ də böyük əhəmiyyətə malik olduğunu bildirən erməni politoloq Rusiyanın regiondakı artan və ya azalan rolunun artıq Ermənistana aid olmadığını bildirir (?): «Bu gün Rusiyanın ətraf ölkələrdə və ya Yaxın Şərqdə hansı siyasəti həyata keçirəcəyi Ermənistan üçün o qədər də önəm kəsb etmir. Bu gün Rusiyanın Ermənistana təsir gücü məsələsinin hələ də səngimədiyi barədə danışılır. Əslində, bu məsələni daha çox qabardan Qərbə xatırlatmaq lazımdır ki, onların Ermənistanın daxili işlərinə müdaxilə etməyə əsasları yoxdur. Ermənistanın xarici siyasəti Ermənistanın öz problemidir. Rəsmi İrəvan artıq Moskva ilə yeddi yüksəksəviyyəli görüş keçirib. Lakin hələ də elə bir nəticə əldə edilməyib. Ən azı, maddi baxımdan müsbət dəyişikliklər yoxdur. Ona görə də İrəvan bunu təhlil etməli və nəticə çıxarmalıdır. Bir daha etiraf edilməlidir ki, bütün bu yaşananlarda təkcə Moskvanı ittiham etmək düzgün olmazdı, çünki bu mələlələrdə, haradasa, İrəvanın da səhvlərini etiraf etmək lazımdır. Deməliyəm ki, bu gün vaxtilə Paşinyana meydanda dəstək verənlər ondan Qərblə münasibətlərdə yaxşı nəticələr əldə etməyi tələb edirlər. Lakin ununtmamaq lazımdır ki, xarici siyasət sahəsində elə də güclü mütəxəssislərə malik olmayan Paşinyanın hələ də xarici siyasət konsepsiyası yoxdur. Bu gün Ermənistanın Xarici İşlər Nazirliyində onlarla peşəkar işçi diplomatik baxımdan gözəl sözlər söyləyə bilsələr də, onların çoxu həyati olmayan ciddi ideyalar içində deyillər».
Qeyd edilməlidir ki, eriməni politoloq, bütün hallarda, yeni erməni rəhbərliyinə Rusiyanı qəzəbləndirəcək addımların atılmamasını məsləhət görür.
Ağasəf Babayev

Xəbər 235 dəfə oxundu.