“Elmlə bağlı yeni formatlı layihələri həyata keçirməyi düşünürük”
Tarix: 24.08.2015 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Pərvanə Əliyeva: “Sentyabr ayından başlayaraq, bu layihələr gerçəkləşdiriləcək”

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) Memarlıq və İncəsənət İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin sədri Pərvanə
Əliyevadır
.


- Öncə özünüzü təqdim edərək aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.
- Mən - Pərvanə Əli qızı Əliyeva 1984-cü ildə Bakı şəhərində anadan olmuşam. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinə qəbul olunmuş və 2005-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək tətbiqi incəsənət ixtisası üzrə bakalavr dərəcəsini almışam. 2006-cı ildə həmin fakültənin magistratura şöbəsinə daxil olmuşam. 2008-ci ildə magistraturanı fərqlənmə ilə bitirərək mədəniyyətşünaslıq ixtisasında magistr dərəcəsinə yiyələnməyə müvəffəq olduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun “Estetika və informasiya mədəniyyəti” şöbəsində “İncəsənətin nəzəriyyəsi və tarixi” ixtisas şifri üzrə dissertanturaya qəbul edilmişəm. Dissertasiya mövzum XX əsrin sənətşünaslığı kontekstində Mürsəl Nəcəfovun yaradıcılığını araşdırmaqla bağlı idi. Artıq elmi-tədqiqat işi yerinə yetirilib və şöbədə də müzakirə olunub.
Mən dissertantı olduğum şöbənin elmi işçisi və həm də İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası İdarə Heyətinin sədriyəm. Elmi-tədqiqatlarımla əlaqədar, bir sıra respublika və beynəlxalq miqyaslı konfransların iştirakçısı olmuşam. “Azərbaycan sənətşünaslığının inkişafında Mürsəl Nəcəfovun rolu” adlı kitabın müəllifiyəm. 2014-cü ildə Respublika Günü münasibətilə AMEA-nın gənc alim və mütəxəssislər arasında keçirdiyi elmi-tədqiqat müsabiqəsində ikinci yerə layiq görülərək təltif edilmişəm. Həmin ildə 2 Fevral- Gənclər Günü ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən rayonun elmi-mədəni həyatında fərqləndiyimə görə Fəxri Fərmana layiq görülmüşəm.
- Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?
- Azərbaycanın tarixi əhəmiyyətli memarlıq abidələri, incəsənəti və musiqi irsi onun unikal incəsənət və mədəniyyətə malik ölkə kimi tanınmasına, eləcə də daim diqqətdə saxlanılmasına rəvac verib. Sirr deyil ki, xalqın mədəniyyət və incəsənət təfəkkürünün formalaşmasında irsi yaradıcılığın heç də az rolu olmayıb. Elmi araşdırmalar da göstərir ki, Azərbaycanda müxtəlif sənət növlərinin inkişafı, onların hər birinin özünəməxsus evolyusiya dövrü keçməsilə sıx bağlıdır və bu tendensiya varislik xarakteri daşıyır. Bununla əlaqədar, Azərbaycanın mədəniyyət və incəsənət tarixinin öyrənilməsi, ayrı-ayrı dövrlərdə yaşamış və zəngin mədəniyyətimizi öz yaradıcılığında əks etdirmiş dahilərin diqqətdə saxlanılması mənim təhsil aldığım və daha sonra elmi araşdırmalar apardığım sahə ilə uzlaşır. Əlbəttə, əksər gənclər kimi mən də orta təhsil aldığım dövrdən başlayaraq ali təhsil ilə bağlı özüm üçün müəyyən məqsədlər bəlli etmişdim. Məhz böyük istək və çalışmaların sonunda, mən öz hədəflərimə nail olmaqla bərabər, bir mütəxəssis kimi Azərbaycan mədəniyyətinin və incəsənətinin öyrənilməsi ilə məşğul olmağa başladım. Etiraf edim ki, öz ixtisasım üzrə fəaliyyətimdən zövq alıram.
- Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?
- Hər bir xalqın öz spesifik mədəniyyət və incəsənət tarixi var. Bundan başqa, bu tarixi formalaşdıran yaradıcı insanların zaman nöqteyi-nəzərindən yaşadığı mühit və irsi xarakter daşıyan təfəkkürü, əlbəttə, xalqın formalaşan mədəniyyət və incəsənətinin təkamülünə fərdi yanaşmağı tələb edir. Bu kontekstdən yanaşsaq, düşünürəm ki, Azərbaycanda bu istiqamətdə aparılan araşdırmalar bir qədər fərqli səciyyə daşıyır. Lakin Şərq, Qərb və ya Avropa mədəniyyətləri kontekstindən yanaşsaq, onda bu mədəniyyətləri formalaşdıran xalqların incəsənət və sənətşünaslıq yaradıcılığında ortaq və ya bir-birinə təxminən oxşar bir təkamül prosesini izləmək olar. Düşünürəm ki, belə mövzular tədqiq olunarsa, bu amil mütləq nəzərə alınmalıdır.
- Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?
- Ümumiyyətlə, təhsil aldığım ixtisasın və eləcədə elmi araşdırmalar apardığım sahənin aktuallığı bəşəriyyətin sivilizasiya tarxi boyu mövcud olub. Hər bir xalqın incəsənət və mədəniyyəti onun sivilizasiya prosesindəki üstünlüklərini xarakterizə etməklə, həmin xalqların zəngin mənəvi təfəkkür və yaradıcılığından xəbər verir. Azərbaycanın incəsənət və mədəniyyəti olduqca tarixi olmaqla bərabər, həm də inkişaf etdiyi dövrlər baxımından zamanın ən müasiri və varlısı olub. Müxtəsər formada desək, Azərbaycanın incəsənət və mədəniyyəti kəşf olunmamış zəngin bir xəzinədir. Onun tədqiqi və ictimailəşdirilməsi indiki mərhələdə olduğu kimi bundan sonra da daim aktual olacaq.
- İxtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?
- Etiraf etməliyik ki, yetişməkdə olan nəsil ixtisaslaşma prosesində, əsasən təbiət elmlərinə meyillik göstərir. Bunun da özünün obyektiv səbəbləri var. Məsələn, yüksək məvacibli, davamlı tələbat olan işlər məhz bu elmi istiqamətlərdə daha çoxluq təşkil edir. Təbii ki, mənim təhsil aldığım sahədə mütəxəssis çatışmazlığı adi hal kimi qəbul olunur. Düşünürəm ki, belə qeyri-bərabərliyi yalnız düşünülmüş təbliğatla aradan qaldırmaq olar.
Azərbaycanın mədəniyyəti bu xalqın mənəvi sərvətidir. Bizim bir xalq və dövlət kimi formalaşmamızda, eləcə də tanınmamızda mədəniyyətimizin rolu bütün zəngin maddi resurslarımızdan öncə gəlir. Bu təfəkkürü gənclərə aşılamaq, Azərbaycanın varlı incəsənətini, memarlığını və ümumilikdə mədəniyyətini öyrənən, onu dünyada təbliğ edən mütəxəssisləri yetişdirmək mütləq ümummilli iradə tələb edir. Bunun üçün, ilk növbədə orta məktəbləri əhatə edən bir təbliğat mexanizmi düşünmək zərurəti yaranıb. Yetişən nəsli bu istiqamətdə maarifləndirmək və stimullaşdırmaq lazımdır. Qeyd etdiyim məsələ öz həllinə qovuşarsa, yalnız ondan sonra müəyyən nəticənin əldə olunmasına ümid etmək olar.
- Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?
- Bu suala üzvü olduğum AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bir üzvü kimi cavab vermək istərdim. Çünki bu gün Azərbaycanda təhsil və elmə vahid bir sistem kimi yanaşan, onların inkişafını biri-birindən asılı olan və ölkə üçün mühüm strateji əhəmiyyətli sahələr kimi qiymətləndirən ikinci bir təşkilat yoxdur ki, yalnız Şuramız bu yöndə aidiyyəti subyektlər arasında effektiv təbliğat aparır. Onların bir-birinə yaxınlaşmasını təmin edir. Əlbəttə, bu Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyinin müəyyən etdiyi bir tapşırıqdır ki, onun icrası ilə məhz Akademiyanın gənclər siyasətini həyata keçirən AMEA Gənc Alim və Mütəxəssislər Şurası məşğul olur. Bununla əlaqədar, Şuranın həyata keçirdiyi çoxsaylı layihələr mövcuddur. Lakin gələcəkdə daha mütərəqqi təbliğat üsullarına dayanan, yeni formatlı layihələri həyata keçirməyi düşünürük. Sentyabr ayından başlayaraq, bu layihələr gerçəkləşdiriləcək.
- Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?
- Yenicə inkişaf mərhələsinə qədəm qoymuş ölkələrin, o cümlədən də Azərbaycanın təkcə elmdə deyil, bütün sahələrdə xarici təcrübəyə ehtiyacı böyükdür. Bu təcrübəni mənimsəyən və onun tətbiqinə nail olmaq imkanlarına malik olan qüvvə və potensial məhz gənclərdə hasil olunub. Bu gün Azərbaycan hökuməti gənclərimiz üçün belə bir şəraiti yaradıb. Bu kontekstdə, elmi gəncliyə verilən dəstək fərdi mahiyyət daşıyır. Göstərilən etimada uyğun olaraq, elmlə məşğul olan gənclərimiz çalışmalıdır ki, zamanı və imkanı yaxşı dəyərləndirməklə Azəbaycan elminin ümumi beynəlmiləlləşdirilməsi prosesinə töhfə verə bilsin.
- Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?
- Hesab edirəm ki, mücərrəd mənada gənclik enerji və tükənməz hədəf deməkdir. Təbii ki, yaşımdan irəli gələrək mənim gələcək hədəflərim də çoxdur. Əsas məqsədim elmi fəaliyyətimdə tərəqqi etməklə ən yüksək elmi dərəcəyə nail olmaqdır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ən ağrılı faciəsidir
25.02.2020
Krasnoyarskda İbad Hüseynli ilə görüş: erməni işğalı və Xocalı soyqırımı ilə bağlı həqiqətlər çatdırılıb
24.02.2020
Dağlıq Qarabağın azərbaycanlı icmasının qadın üzvləri haqq səsimizin dünyaya çatdırılmasında önəmli rol oynayırlar
24.02.2020
“Xocalı faciəsi Ermənistan dövlətinin Azərbaycana qarşı işğal siyasətinin tərkib hissəsidir”
20.02.2020
BMT-də Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər səsləndirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info